Nizamnamə kapitalı 300 milyon manatdan çox olan 5 bank
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il aprelin 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 milyard 241 milyon 287 min manat), “Yelo Bank” (378 milyon manat), “Xalq Bank” (364 milyon 773 min manat), “PAŞA Bank” (354 milyon 512 min manat) və “Bank VTB Azərbaycan” (315 milyon 815 milyon manat) ASC-lərdir. Qeyd edək ki, bu banklardan bir neçəsində yığılmış zərəri ilə əlaqədar olaraq cəmi kapitalları daha aşağıdır.
Qalan 21 bankdan 2-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 5 bankda 100-200 milyon manat arasında, 11 bankda 50-100 milyon manat arasında, 2 bankda minimum tələbə uyğun – 50 milyon manat, 1 bankda isə 10 milyon manatdan azdır.
4 bankın nizamnamə kapitalı artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
Bunlar “Zıraat Bank Azərbaycan”, “Naxçıvan Bank”, “Turan Bank” və “Unibank” ASC-lərdir.
Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (31%), ən aşağı dinamika isə “Unibank”da (4%) qeydə alınıb.
Qalan 22 bankın nizamnamə kapitalı dəyişməyib.