Statuslar

50 gündən sonra əmanətləri nə gözləyir? - QAYDA DƏYİŞİR

50 GÜNDƏN SONRA ƏMANƏTLƏRİN TAM SIĞORTALANMASI LƏĞV EDİLƏCƏK (uzadılma ehtimalı getdikcə azalır, əmanətçilər başlarına çarə qılır)


Məlum olduğu kimi, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3%-dən çox deyil.


Bu sistemin cəmi 50 günlük ömrü qalıb. 4 mart 2019-cu il tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2019-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.

Misal. Tutaq ki, vətəndaş 2018-ci ilin 30 mart tarixində banka 1 il müddətinə 100000 manat məbləğində illik 15%-lə əmanət qoyub. Qüvvədə olan qaydaya görə əmanət tam sığortalıdır. Yəni bank 4 mart 2019-cu il tarixədək bağlansa, əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2019-cu ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya ediləcək.

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz tərəfindən 2016-cı ilin dekabr ayında təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməli idi. Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalı idi.

Lakin Palata digər vəzifələrinin icrasında olduğu kimi bu işin də öhdəsindən gəlmədi, prosesi bitirə bilmədi. Deməli, problemli bankların bağlanması bu ilə qaldı. Bu isə o deməkdir ki, əmanətlərin tam sığortalanmasının müddətinin uzadılmadığı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq həmin məbləğdən çox olan hissəni itirəcəklər. İndiyədək müflis olmuş bankların Əmanətlərin Sığortalanması Fondu tərəfindən həyata keçirilən qeyri-şəffaf və qanun pozuntuları ilə dolu ləğvi prosesi bunu deməyə tam əsas verir.

Bəs bu vəziyyətdə işdən hali olan əmanətçilər nə edir?

1) Bəzi əmanətçilər artıq ötən ilin payız aylarından başlayaraq banklardan əmanətlərini geri götürməyə başlayıb. Belə ki, əgər 1 oktyabr tarixinə banklarda 8,1991 mlrd. manat əmanət var idisə, 1 noyabrda 8,14 mlrd. manat, 1 dekabrda isə 8,0735 mlrd. manat qalmışdı. Yəni təkcə 2 ay ərzində banklardan 125,6 mln. manat çıxarılıb.

2) Digər əmanətçilər vəsaitlərini daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklara yerləşdirməyə üstünlük verir. Həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır, bu da onların daha təhlükəsiz olmasından irəli gəlir.

3) Nəhayət, bəziləri sadəcə əmanətlərinin məbləğini bölüşdürür. Yəni elə edirlər ki, bir nəfərin adına bir bankda 30000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölürlər (hər bankda maksimum 30000 manat), ya da bir bankda qohumları arasında bölürlər (hər qohumun adına maksimum 30000 manat).

Əlbəttə, istisna deyil ki, son anda əmanətlərin tam sığortalanmasının müddəti uzadılacaq. Lakin getdikcə bu ehtimal azalır. Bu istək varsa, bunu mümkün qədər tez etmək lazımdır ki, əmanətçilər sakitləşsin. Buna görə də böyük ehtimalla ya hələlik yekun qərar yoxdur, ya da əmanətlərin tam sığortalanması sisteminin ləğvi qərara alınıb...

 

 

Əkrəm Həsənov
Hüquqşunas

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)