Təhsil naziri repititorların fəaliyyətinə münasibət bildirib
"Hazırda təhsil sahəsi ciddi şəkildə tənzimlənir. Bunun da özünəməxsus səbəbləri var. Həm infrastruktur, həm məzmunla bağlı tələblər müxtəlif pillələrdə tətbiq edilir".
ENA.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, formal təhsil sahəsi, istər orta, istərsə də ali təhsil müəssisələrinin açılması və biznes olaraq gəlirli fəaliyyət göstərməsi kifayət qədər kapital yönlü istiqamətdir: "Yəni investisiya tələb edən sahədir. Qısa zamanda təhsil müəssisəsi açıb külli miqdarda pul əldə etmək yəqin ki, mümkün deyil. Fikrimcə, Azərbaycanda təhsil biznesinin qısa müddət ərzində mənfəətli olmaması biznes prosesinin təklif tərəfi ilə bağlı ən ciddi problemlərdən biridir".
O qeyd edib ki, valideynlərin gözləntiləri və ödəmə həvəsi, arzusu da vacib məsələdir: "Tələb tərəfini müəyyənləşdirən də gözləntilərdən asılıdır. Təhsil prosesindən gözlənti ümumtəhsillə bağlı konkret nəticələrə əsaslanır. Misal olaraq, ali məktəbə qəbul olmaq. Özəl repititorların özəl sektorda payı oturuşmuş məktəblərin payından qat-qat çoxdur. Çünki həmin xidmətlər konkret və müəyyən müddətlikdir. Dövlət İmtahan Mərkəzinin imtahanlarına baxsaq aşağı siniflərdə zəif nəticə göstərən şagirdlərin yuxarı siniflərdə repititorluğa nə qədər getsələr də, valideyn çoxlu pul xərcləsə də, yaxşı nəticə əldə etməsi istisna hallarda mümkün olur".