Birja

Çinin neft tələbatı azaldı: neft ucuzlaşır - SON QİYMƏT

Neft qiymətləri əvvəlki sessiyada 5%-dən çox sıçrayışdan sonra cümə axşamı günü düşür. Bazarın yüksək volatilliyi davam edən Rusiya-Ukrayna münaqişəsi və Macarıstanın etiraz etdiyi Rusiya Federasiyasından Aİ-nin planlaşdırılan neft embarqosu ilə bağlı əminliyin olmaması ilə əlaqələndirilir.

Treyderlər COVID-19-a yoluxma hallarının azaldığı Çindəki vəziyyəti izləməyə davam edir. Market Watch qeyd edir ki, Çində karantin məhdudiyyətlərinin tətbiqi ölkədə iqtisadi artımı, eləcə də neftə olan tələbatı zəiflətdi və epidemioloji vəziyyətin yaxşılaşması o deməkdir ki, bazarda təklifin məhdud olduğu bir mühitdə tələb geri qayıda bilər.

Morgan Stanley analitikləri Brent markalı neftin qiymətinin 2022-ci ilin sonuna kimi 130 dollar/barelə, WTI-nin isə 120 dollar/barelə çatacağını gözləyirlər.

Londonun ICE Futures birjasında bugün saat 9:10-a Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 106,27 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,24 dollar (1,15%) aşağıdır. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 104,44 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,27 dollar (1,2%) aşağıdır. 

Çərşənbə günü ABŞ Energetika Nazirliyinin hesabatından məlum olduğu kimi, ölkədəki kommersiya neft ehtiyatları ötən həftə 8,49 milyon barel artıb.

Bu arada, benzin və distillə ehtiyatları avtomobil mövsümünün başlaması ərəfəsində azalmağa davam etdi. Benzinin ehtiyatları ardıcıl altıncı həftədir - 3,61 milyon barel, distillatlar - 913 min barel azalaraq 2005-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department