Güclü külək nə vaxtadək davam edəcək?
“Mayın 7-si saat 11:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub”.
ENA.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, Gədəbəy rayonunun dağlarına və Qrıza qar yağıb, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub.
U.Tağıyeva qeyd edib ki, mayın 7-də saat 01:17-01:19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsinə diamteri 0.5 sm olan dolu düşüb.
Xidmət rəisinin sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Naftalanda 21 m/s, Sabirabadda 17 m/s, Biləsuvar, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 35 m/s, Binə, Pirallahıda 25 m/s, Neft Daşlarında 24 m/s, Çilov adasında 23 m/s, Sumqayıtda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5, 2 metrə çatıb.
Tağıyeva əlavə edib ki, güclü küləkli hava şəraiti mayın 8-i gündüzədək, qeyri-sabit, yağıntılı hava şəraiti isə mayın birinci ongünlüyünün sonunadək davam edəcək.