Toylara elektron qaydada “pul yazdırmaq” mümkün olacaq
Toylarda pul yığımının adət etdiyimiz kimi deyil, elektronlaşdırlmış yeni üsulla həyata keçirən aparat barədə sosial şəbəkələrdə paylaşım edilib.
Şirkətin direktoru Elşən Quliyev bildirib ki, “TOYPAY” adlı elektron terminallar və proqram təminatı toy məclislərində hədiyyə ödənişlərin yığımını asan şəkildə həyata keçirməyin müasir üsuludur.
“Şirkətin təqdim etdiyi xidmət şadlıq sarayı vasitəsilə toy sahiblərinə elektron terminalların icarəsini həyata keçirməyə imkan verir. Terminal seçimi toy sahibindən aslı olacaq. Məcbur deyil. Restoranlar belə bir aparatı bir toy üçün 200 manata kirayələyə bilər. Terminallar manatla yanaşı dollar və avro da qəbul edəcək”.
E.Quliyev bildirib ki, “Toypay” ilə pul yazdırmaq istəyən qonaq, terminalın ekranında dil seçimini edir, ad, soyadını və qeyd bölməsini doldurur, təbriklərini qeyd etdikdən sonra məbləği daxil edir və çek əldə edir. Bu anda ev yiyəsinə email ilə bildiriş göndərilir ki, filan şəxs sizin toyunuza bu məbləğdə (məsələn 200 AZN – red) pul yazdırdı. Toy bitdikdən sonra isə ev yiyəsi rahat bir şəkildə bütün məlumatları təhvil alır və artıq saymağa ehtiyac olmadan sonda nə qədər məbləğin toplandığını bilərək həmin məbləği terminalın seyfindən əldə edir.