Gündəm

“Ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına yenidən baxılmalıdır”

“Azərbaycanda pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına yenidən baxılmalıdır”.

ENA.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.

Onun sözlərinə görə, bu siyahıdakı bəzi boşluqlar müəyyən problemlərə yol açır: “Məsələn, soyuducuda saxlanılmalı olan dərman vasitələrinin dəyişdirilməsi və qaytarılması insan sağlamlığı üçün müəyyən risk yaradır. Yaxud şəxs mebel sifariş edir, sifarişə uyğun olaraq mebel hazırlanır. Ancaq məhsulda heç bir istehsal qüsuru olmasa da, istehlakçı onu qaytara bilir. Bu zaman o, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna istinad etməklə, 14 gün ərzində həmin malın dəyişdirilə bilməsi hüququna əsaslanmaqla, dəyişdirilməli olmayan məhsulların siyahısında sifarişlə hazırlanan mebelin qeyd edilmədiyini bildirərək onun qaytarılmasını və ya dəyişdirilməsini tələb edir. Nəticədə mebelin hazırlanmasına kifayət qədər vəsait sərf edən sahibkar bundan narazı qalır. Biz istehlakçıların hüquqlarını müdafiə edən bir qurumuq, amma hər bir hüquq normasının tətbiqi də haqqa-ədalətə söykənməli və sahibkarların vəziyyətini çətinləşdirməməlidir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)