Persona

​​​​​​​“Sahibkar olmaq üçün xüsusi resept yoxdur”

Şəffaf vergi partnyoru olan “Qartal” Tikinti şirkətinin rəhbəri Şahin Məmmədov ilə müsahibə

- Şahin müəllim, siz ASK-nın Sumqayıt şəhər nümayəndəsiniz və ölkəmizin ən aktiv sahibkarlarından birisiniz. Sizi 25 Aprel - Sahibkarlar günü münasibətilə təbrik edirik.

- Təşəkkür edirəm, mən də Sizin jurnal vasitəsi ilə Azərbaycan sahibkarlarını “Sahibkarlar günü” münasibətilə təbrik edirəm.

- “Qartal” firması 30 ildən sonra işğaldan azad olunmuş Laçın rayonunda müəyyən tikinti fəaliyyəti həyata keçirir. Bu, necə bir hissdir?

- Mən Laçın rayonunun, Pircahan kəndində doğulmuşam. Mənim üçün çox qürurverici bir hadisə oldu ki, müharibə bitəndən bir ay sonra bizim şirkət işğaldan azad olunmuş rayonlarda, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Xocavənd, Suqovuşanda Xüsusi Dövlət rabitəsinin baza stansiyalarını tikərək şifrəli Tetra telekommunikasiya şəbəkəsini 2021-ci ilin dekabr ayında təhvil verdik. Fəaliyyətimizin təşkili ilə bağlı fürsətdən istifadə edərək bu rayonların hamısında oldum. Laçın rayonundakı kəndimizə 3 dəfə səfər etdim. Evimizdə 30 il yaşamaqlarına baxmayaraq ermənilər çıxan zaman evimizi yandırıb çıxmışdılar. Qəbirstanlıqları da dağıtmışdılar. Mən atamın qəbrini tapdım və dağıdılmış qəbri yenidən bərpa etdim. Çox arzu etdiyim niyyətlərimi həyata keçirilə bildim.

- Hazırda hansı layihələr üzərində işləyirsiniz?

- Hazırda vətənimizin hərbi qüdrətini artırmaq üçün hərbi və telekommunikasiya obyektlərinin tikintisini davam etdiririk. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, 44 günlük müharibə zamanı Qartal Tikinti Firması 2 ədəd pikapını və 1 ədəd mikroavtobusunu könüllü hərbi hissələrin sərəncamına vermişdi. 1 pikapımız ermənilər tərəfindən vurularaq yararsız hala düşdü. Mikroavtobusumuz 3 aydan sonra geri qaytarıldı. 1 ədəd pikapımızı isə biz geri almadıq, Laçın rayonunda dislokasiya olunmuş N saylı hərbi hissənin xidməti istifadəsinə vermişik. Həmin maşınlar mütəmadi olaraq Qartal Tikinti Firmasına göndərilir, biz bu maşınları əsaslı təmir edib hərbi hissələrə geri göndəririk.

Ümumiyyətlə 44 günlük müharibədən sonra Qartal Tikinti Firması hərbi hissələrə, şəhid ailələrinə və qazilərə 137 000,00 manat dəyərində maddi yardım edib. Hərbi hissələrə verdiyimiz generatorlar, yaşayış konteynerləri, Almaniya istehsalı olan motopilalar və s. yardımlar hərbi hissələrin çox vacib problemlərinin həllinə kömək olub.

“Qartal” Tikinti Firmasının təşəbbüsü və təşkilatçılığı ilə Sumqayıt şəhərində müharibədə xəsarət almış hərbi qulluqçularımız üçün sahibkarlıq subyektlərində iş yerləri açılmış, 50 nəfər xəsarət almış hərbiçi 500 manatdan yuxarı əmək haqqı almaqla işə düzəlmiş, 30 nəfər  işləmək qabiliyyəti olmayan qaziyə isə bank hesabları açılmış, onların kartına hər ay 300 manat pul ödənilir. Bunlardan 8 nəfərinə ödənişi “Qartal” Tikinti Firması, qalan 22 nəfərə isə Sumqayıt şəhərində fəaliyyət göstərən sahibkarlar həyata keçirir. Bildiyiniz kimi, mən Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt şəhər şöbəsinin rəhbəriyəm və bu təşəbbüsüm Sumqayıt şəhərində və Azərbaycanda çox müsbət qarşılanıb.

- Şəffaf şəkildə işləyən, nümunəvi vergi ödəyicilərindən birisiniz. Şəffaf işləmək sahibkara hansı üstünlüklər verir?

- Şəffaf və qanunvericilik çərçivəsində işləmək sahibkar üçün uğurlu biznes deməkdir. Yəni şəffaf və qanunvericilik çərçivəsində işləməyən sahibkarlar qanunvericiliyi pozmaqla işləyir. Beləliklə, sahibkar daim qorxu içində fəaliyyətini davam etdirir, öz biznesini genişləndirməkdə risklərlə qarşılaşır.

Düzgün, şəffaf və qanunvericilik çərçivəsində işləyən sahibkar isə yoxlayıcılarla mübarizə apara bilir, öz haqqını tələb edir və heç kimdən qorxmur, öz biznesini uğurla inkişaf etdirə bilir.

Məsələn, “Qartal” Tikinti Firması şəffaf vergi partnyorudur. 6 ilə yaxındır ki, Qartal Tikinti Firmasında səyyar vergi yoxlaması aparılmır, firma vergiləri tam şəkildə vaxtlı-vaxtında ödəyir, yaranan mübahisəli məsələlər danışıqlar yolu ilə həll edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Qartal” Tikinti Firmasına yaşıl dəhliz vermişdir. Xaricdən gətirdiyimiz avadanlıq və mallar heç bir gömrük terminalına girmədən birbaşa Qartal Tikinti Firmasının Sumqayıtdakı anbarına gəlir, gömrük məmurunun iştirakı olmadan yüklər açılır, gömrük bəyannamələri və digər sənədlər ofisimizdən elektron formada göndərilir, ödənişlər isə bank yolu ilə firmanın bank hesablarından və yaxud biznes kartından həayata keçirilir.

- Azərbaycanda biznes qurmaq qaydalara görə bir neçə saat çəkir. Ümumiyyətlə biznes qurmaq nə qədər asandır. Peşəkar sahibkar kimi gənclərə nədən başlamağı tövsiyə edirsiniz?

- Məncə əsas məsələ yeni biznes qurumunun qeydiyyata alınması deyil, sahibkarın fəaliyyət göstərəcəyi sahədə bazarda yer tuta bilməməsi, maliyyə mənbələrinə əlçatan olmaması, ixtisaslı kadrların az olması və sair nüanslardadır. Biznes qurumu qeydiyyata alınan sahibkar yuxarıdakı səbəblərdən bir çox hallarda fəaliyyət göstərə bilmir və nəticədə çox davam etmədən işini dayandırır. Yaxşı olar ki, sahibkarlığın inkişafı üçün ölkəmizdəki biznes mühiti daha əlverişli olsun və bacarıqlı insanlara yaradılan imkanlar çox olsun ki, onlar biznes quraraq öz bizneslərini inkişaf etdirə bilsinlər.

- Şirkətinizin əməkdaşlarına münasibətdə kadr siyasətiniz maraqlıdır. Əsas önəm verdiyiniz dəyərlər, bacarıqlar nədir?

- Sahibkarın biznes uğurlarının əsas səbəblərinin biri də düzgün və savadlı kadrları öz biznesinə cəlb edib, onların bacarıqlarından məharətlə istifadə edə bilməsidir. “Qartal” Tikinti Firmasında işləyən işçilərə əsas tələb işgüzarlıq, düzgünlük, təmizlik, daim inkişaf etmək qabiliyyətinin olmasıdır. Bu kriteriyalara cavab verməyən işçilər bizdə işləyə bilmir.

- Yol göstərdiyiniz, məsləhət verdiyiniz gənc sahibkarlar varmı? Bugün sahibkarlarımızın yol verdikləri başlıca nöqsanlar hansılardır?

- Biz Sumqayıtdakı gənc sahibkarlarla işləyir, onlara yol göstərir, bəzən subpodratçı qismində öz biznesimizə cəlb edirik. Əsas nöqsanlar o odur ki, sahibkarlar qanunvericiliyi öyrənməkdə, işini düzgün qurmaqda çətinlik çəkir, ya düzgün işləmək istəmir ya da savadları çatmır. Daha bir nöqsan da odur ki, bir çox gənc sahibkar başa düşmür ki, uğurlu  biznes üçün işi keyfiyyətlə yerinə yetirmək və müqavilə şərtlərinə düzgün və şəffaflıqla əməl etmək lazımdır.

- Dövlət-özəl dialoqunda Şahin müəllim həmişə aktivdir. Bu dialoqun əhəmiyyəti barədə nə düşünürsünüz? Sizin şirkətə faydası ilə bağlı konkret bir nümunə deyə bilərsinizmi?

- Bu platformalar mənim üçün çox vacibdir. Mən burada tək Qartal Tikinti Firmasının problemini həll etmirəm, çalışıram ki, sahibkarların problemlərinin düzgün istiqamətdə həlli yollarını dövlət qurumları ilə tapım və nəticədə həm dövlət məmurlarının, həm də sahibkarların qanunvericilik çərçivəsində işləməsinə nail olum. Qeyd edim ki, bir çox hallarda bu məqsədimə çata bilirəm.

- Bugün Şahin Məmmədovu qayğılandıran başlıca məsələ nədir?

- Cənab Prezident sahibkarlara çağırış edərək düzgün, qanunvericilik çərçivəsində işləməyi tələb edir, qabaqcıl sahibkarlar da işlərini bu istiqamətdə qurur. Ancaq bir qrup sahibkar arxasında olan məmurlara sığınaraq düzgün işləmir, vergidən yayınır, əmək münasibətini rəsmiləşdirmir, lisenziyasız fəaliyyət göstərir. Nəticədə tenderlər zamanı düzgün işləyən sahibkarın qiymət təklifi düzgün işləməyən sahibkarın qiymət təklifindən yuxarı olur. Nəticədə şəffaf işləməyən sahibkar daha çox pul qazanmaq imkanı əldə edir, düzgün işləyən sahibkarlar isə tenderlərdə qalib gələ bilməyərək kənarda qalır.

Digər tərəfdən dövlət tenderlərinin e-tender.gov.az portalı üzərindən keçirilməsinin müsbət tərəfləri olsa da, bu sistemin təkmilləşməyə ehtiyacı var. Bəzən dövlət məmurları tenderə çıxardıqları iş həcmlərini faktiki tələb olunan iş həcmindən çox göstərərək, bir tender iştirakçısı ilə sövdələşir ki, sən qiymət təklifini aşağı verərsən, çünki ondan tələb olunan iş həcmi portalda göstərilən iş həcmlərindən az olacaq. Sövdələşmədə iştirak etməyən sahibkar isə təklifini elə verir ki, iş həcmlərində göstərilən işi tam şəkildə yerinə yetirə bilsin, üstəlik də mənfəət əldə etsin. Bu səbəbdən onun təklifi əvvəlcədən sövdələşdirilmiş sahibkarın təklifindən yuxarı olur və bu amil imkan yaradır ki, dövlət qurumları tenderin qalibi olan sahibkara az iş yerinə yetirtməklə ondan rüşvət ala bilsin. Üstəlik, dövlətə zərər vurmaqla dövlət vəsaitini sövdələşdiyi sahibkarla birlikdə mənimsəsin.

- Azad olunmuş Qarabağ yenidən tikilir və ən yüksək texnologiyalardan istifadə edilir. Burada görülən işlər barədə fikriniz maraqlı olardı.

- Bir azərbaycanlı kimi, əlbəttə çox sevinirəm. Bir sahibkar kimi hesab edirəm ki, işğaldan azad olunmuş rayonlarda yenidənqurma, abadlıq və quruculuq işlərində Azərbaycan şirkətlərinin də iştirakı üçün şəffaf bir sistem yaradılsa yaxşı olar. Beləliklə, sahibkarlar yerinə yetirə biləcəyi işlər üçün qiymət təklifi verib bu prosesdə iştirak etmək imkanı əldə edə bilər.

- Müştəriləriniz arasında BP kimi məşhur şirkət var. Gördüyünüz işlərdən hansını xüsusi olaraq, fəxrlə qeyd etmək istərdiniz?

- Bizim əsas sifarişçilərimiz BP şirkəti, ABŞ dövləti, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti və sair vacib dövlət qurumlarıdır. Biz hərbi obyektləri və vacib xüsusi təyinatlı dövlət obyektlərinin tikintisində böyük işlər görüb uğurlar qazanmışıq. Digər tərəfdən, “Qartal” Tikinti Firması SOCAR-ın struktur bölümlərinin podratçısıdır. UBOC Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı, “Azneft” İstehsalat Birliyi, Neft Emalı Zavodu, Azərkimya İstehsalat Birliyi, SOCAR İTRİ, Socar Polimer şirkətləri ilə uğurlu əməkdaşlıq edir bu qurumlarda tikinti-təmir işlərini, hündürlükdə işləri müvəffəqiyyətlə və keyfiyyətlə yerinə yetirib sifarişçilərə təhvil vermişik.

- Sahibkar olmaq üçün başlıca meyar nədir? Və yaxud da necə sahibkar olurlar, deyə soruşsaq daha düzgün olar.

- Sahibkar olmaq üçün xüsusi resept yoxdur. Əsas odur ki sahibkarlıq subyektini yaradan şəxsin bilik səviyyəsi, əhatə dairəsi və öz şirkətinə cəlb etdiyi kadrların işgüzarlığı və bacarığı yüksək səviyyədə olsun.

- Azərbaycan sahibkarlarına arzularınız.

- Arzum odur ki, Azərbaycan sahibkarları şəffaf və qanunvericilik çərçivəsində işləsin. Qurduğu biznesdən gəlir əldə edə bilsin. Dövlətin iqtisadi və hərbi qüdrətinin artırılması yolunda öz gücü çərçivəsində dəstək verə bilsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department