Sviftsiz qalan Bank VTB (Azərbaycan) SPFS-lə işləyəcək
Bank VTB (Azərbaycan) ASC Rusiya Federasiyasında müxbirlərlə bütün maliyyə əməliyyatlarını Rusiya Bankının Maliyyə Mesajlarının Köçürmə Sistemi (SPFS) vasitəsilə həyata keçirməyə davam edəcək.
“Bank VTB (Azərbaycan) müştəriləri Rusiya ilə rublla vəsaitlərin köçürülməsi və alınması üzrə adi əməliyyatlar apara, alınan rublu Azərbaycan manatına çevirə, həmçinin ölkə daxilində manatla əməliyyatlar apara bilərlər. Bank VTB (Azərbaycan) ərazisində yaradılmış və Azərbaycan qanunlarına tabe olan hüquqi şəxsdir. Bank kifayət qədər likvidliyə və kapitala malikdir və müştəriləri lazımi maliyyə xidmətləri ilə təmin etməklə normal fəaliyyətini davam etdirir”, - deyə Bank VTB (Azərbaycan)-ın açıqlamasında bildirilir.
SPFS, maliyyə məlumatlarının ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün Rusiya banklararası sistemdir, meqatənzimləyicinin məlumat və telekommunikasiya sistemi əsasında fəaliyyət göstərir və maliyyə mesajlarının ötürülməsi üçün zəmanətli və fasiləsiz xidmətlərin göstərilməsini təmin edir.
Qeyd edək ki, 2008-ci ilin noyabrında Azərbaycan Mərkəzi Bankı Rusiyanın Vneştorqbank (VTB) tərəfindən Azərbaycanın AF-Bank-ın 51%-lik səhmlərinin alınmasına dair sövdələşməni təsdiqləyib. Bank VTB (Azərbaycan) səhmdarlarının strukturunda hazırda səhmlərin 99,99%-i PJSC VTB Bank-a, 0,01%-i isə fiziki şəxsə məxsusdur.