Azərbaycandan göndərilən pul 18,9% artıb, gələn 3,6%. Pulu ən çox hardan almışıq, hara göndərmişik?
2021-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri 3,6% artaraq 1 milyard 133,391 milyon dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesatına görə, köçürmələrin böyük hissəsi - 623,057 milyon dolları və ya fiziki şəxslərin bütün köçürmələrinin 55%-i Rusiyadan həyata keçirilib. Başqa sözlə Rusiyadan ölkəmizə daxil olan pulun həcmində 2,8% artım var.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə (107,767 milyon, artım 41,1%), ABŞ (72,515 milyon, artım 35,9%), Böyük Britaniya (36,805 milyon, artım 38,4%) və Qazaxıstan da (35,372 milyon, artım 16,6%) daxildir.
AMB-nin məlumatına görə, 2021-ci ildə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 18,9% artaraq 661,512 milyon dollara çatıb.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə (181,483 milyon, artım 54,5%) tutur. 2021-ci ildə Azərbaycandan bütün köçürmələrin 27,4%-i (2020-ci ildə 21,1%-i) Türkiyənin payına düşüb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələri 117,248 milyon dollar (azalma 21%), xüsusi çəki 17,7% (2020-ci ildə 26,7%) təşkil edib.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan (78,627 milyon dollar, artım 32,2%), ABŞ (51,068 milyon, artım 0,3%) və Ukrayna da (46,567 milyon, artım 2,1 dəfə) daxildir.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi 1 milyard 94,029 milyon dollar (2019-cu illə müqayisədə artım 17,1%, Azərbaycandan köçürmələrin həcmi 556,545 milyon dollar (2019-cu illə müqayisədə artım 29,1%) təşkil edib.