Samsung investorlarına xəbərdarlıq edib
Samsung şirkəti 2018-ci ilin dördüncü rübü üzrə gəlirlərin aşağı düşəcəyi barəsində investorlara xəbərdarlıq verib. Bunun əsas səbəbi isə smartfonların və smartfon komponentlərinin aşağı satış göstəriciləridir. Şirkətin gözləntilərinə görə 2017-ci ilin dördüncü rübü ilə müqayisədə 2018-ci ilin dördüncü rübündə satışlar 11% aşağı düşəcək. Şirkətin əməliyyatlar üzrə sahəsinin gəlirləri isə 29% aşağı düşəcək (9.6 milyard dollara qədər). Bu barədə Reuters saytı xəbər verib.
Şirkətin verdiyi bu proqnozlar investorları və analitikləri şoka salıb. Bir qayda olaraq şirkət maliyyə rübünün nəticələrini hesabatların təqdim olunmasından sonra açıqlayır. Samsung şirkəti maliyyə göstəricilərinin aşağı olmasını iki səbəb ilə açıqlayıb: Yaddaş modulları bazarındakı aşağı tələbat və digər smartfon istehsalçıları ilə rəqabətin sərtləşməsi. Bununla belə şirkət smartfonların aşağı satış göstəriciləri dövründə reklama külli miqdarda vəsait xərcləyib.
Samsung-un gözləntilərinə əsasən bu ilin birinci yarısında yaddaş modullarına tələbatın az olması səbəbilə şirkətin gəlirləri düşməkdə davam edəcək. Lakin bu ilin ikinci yarısında vəziyyət düzələcək. Belə ki, şirkət ümid edir ki, əyilə bilən smartfonlar və 5G texnologiyasının inteqrasiyası şirkətin mobil sahəsinin göstəricilərini yüksəldəcək.