Gündəm

Rusiya ölkədən gedən şirkətlərin - ƏMLAKINI MÜSADİRƏ EDƏCƏK

Rusiya hökuməti sanksiyalara görə ölkəni tərk edən şirkətlərin əmlaklarını müsadirə edəcək.

ENA.az xəbər verir ki, Rusiyada qanunvericilik üzrə hökumət komissiyası ölkədən gedən şirkətlərin əmlaklarının müsadirəsini nəzərdə tutan qanun layihəsini bəyənərək qəbul edilməsi üçün göndərib.

Sözügedən qanun qəbul edilsə, sanksiyalara görə ölkəni tərk edən şirkətlərin əmlkı milliləşdiriləcək – yəni dövlətə keçəcək.

Qanuna əsasən Rusiyaya «dost olmayan» ölkədən olan şəxslərin 25%-dən artıq pay aldığı şirkət fəaliyyətini dayandırarsa, məhkəmə qərarı ilə ona kənar idarəçi təyin edilə bilər. Bununla yanaşı, əmlakın sahibi, yəni xarici şəxs, fəaliyyətini bərpa edərsə, və ya biznesi və işçiləri saxlamaq şərti ilə payını satarsa, bu qərar dəyişdirilə bilər.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu və Qərbin sanksiyaları nəticəsində son günlər çoxsaylı iri şirkətlər Rusiyanı tərk edib. Cavabında Rusiya tərəfi ona dost olmayan ölkələrin siyahısını tərtib edib. Bu siyahıya Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələr daxil edilib.

ABŞ Rusiyanı tərk edən şirkətlərin əmlakının müsadirə olunacağı təqdirdə Rusiyanın «cavab alacağını» bildirib. «Əgər Rusiya ölkədən gedən şirkətlərin əmlakını müsadirə etsə, ABŞ buna cavab verəcək» - deyə ABŞ Ağ Evinin mətbuat katibi Cen Psaki bildirib.

«Onlar (yəni Rusiya tərəfi) belə addım atsa biz də tədbir görəcəyik. Amma hələlik belə bir hal baş vermir». Onun sözlərinə görə, ABŞ hökuməti şirkətlərdən Rusiyanı tərk etməyi tələb etməyib,  amma bu addımı alqışlayır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)