TURİZM

Rusiyalı turistlər Türkiyədə ilişdi: kartlar bloklanıb, otellərə borcu ödəmək olmur

Rusiya banklarına qarşı sanksiyalar Türkiyədə turizm biznesinə zərbə vurub, otellər, istirahət mərkəzləri ödənişləri ala bilmirlər. virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, rus banklarının SWIFT sistemindən çıxarılması səbəbindən tur  operatorların otellərə borcu yaranıb.

Otellərin tur operatorlardan erkən rezervasiya üçün ödəniş almaları mümkün olmur. Digər tərəfdən, hazırda Türkiyədə olan rus turistlərin kartları sanksiyalardan sonra bloklandığından xüsusilə Antalya və Fethiyedəki otellər, istirahət mərkəzləri ödənişləri ala bilmirlər.

Cənubi Ege Turizm Otelçiler və Operatorlar Birliyi (GETOB), Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) və Ege Turizm Bizneslər və Konaklamalar Birliyinin (ETİK) rəhbərləri Rusiya banklarına qarşı sanksiyalardan sonra yaranan vəziyyətlə bağlı məlumat veriblər. Bəlli olub ki, bir çox rusiyalı turistlər artıq erkən rezervasiyalarını ləğv ediblər, ləğv olunmayan rezervasiyalar üçün ödənişlər almaq mümkün olmur.

Otellər ödənişləri ala bilmirlər

Xəbər verildiyi kimi ötən gün Avropa Komissiyasının  Prezidenti Ursula Fon der Lyayen əksər rus banklarının SWIFT sistemindən çıxarıldığını bildirib. O, Rusiyanı beynəlxalq maliyyə sistemindən təcrid edən hərtərəfli sanksiyaların davam etdiriləcəyini də deyib. Türkiyənin Otelçilər Federasiyasının vitse-prezidenti, GETOB prezidenti Bülent Bülbüloğlu deyib ki, Rusiyaya qarşı sanksiyalardan sonra Antalya ve Fethiyedəki mərkəzlər rus turistlərin kartlarının dondurulduğunu, bu səbəbdən də göstərilən xidmət üçün ödənişləri ala bilmədiklərini açıqlayıblar. Hazırda bu  məlumatlar araşdırılır.
“Digər problem odur ki, otellər tur operatorlardan erkən rezervasiyalara görə borclarını geri ala bilmirlər. Ona görə də martda ödənilməli olan çeklər dondurulub, bəzi hallarda ödənişlər may və iyun aylarına qədər təxirə salınıb. Biz yaranmış vəziyyətdən çox narahatıq. Turizm sektorunda xaos var”, – Bülbüloğlu bildirib.

Bəzi rus turistlərin ölkəsinə qayıtmasında problem yarana bilər

Alanya Turizm Operatorları Dərnəyinin rəhbəri Burhan Sili isə bildirib ki, bəzi rus turistlərin ölkəsinə geri dönməsində problemlər yarana bilər. Kartı dondurulduğu üçün ödəmə edə bilməyən rus turistləri var və bununla bağlı araşdırma aparılır.


ETİK rəhbəri Başkanı Mehmet İşler də açıqlama verib və deyib ki, tur operatorların otellərə yalnız bu il deyil, ötən ildən yığılmış borcları da qalıb. Turizm çətin vəziyyətdədir: “Tur operatorların otellərə borcları var. Sanksiyalardan sonra ödəmələrin necə aparılacağı bəlli deyil. 21-ci əsrdə ödəmələri çanta ilə gətirəcəklərmi? SWIFT lazımdır, yoxsa ödəmələr mümkün olmayacaq”.

Bununla belə, İşler hesab edir ki,  rus turistlərin kartlarının dondurulması çox da problem deyil. Çünki onlar onsuz da lazım olan ödənişləri əvvəlcədən həyata keçirirlər.

Gözdən qaçırmayın:  “Rusiya yerli əhalidən “CANLI SİPƏR” kimi istifadə edir" - RƏSMİ AÇIQLAMA
Sanksiyalardan sonra bu gözlənilən idi

TÜRSAB rəhbəri Firuz Bağlıkaya isə bildirib ki, rus banklarına qarşı sanksiyalardan sonra belə bir vəziyyətin yaranacağı gözlənilirdi.

“Rusiyanın bank sistemi donduruldu. Bu vəziyyətdə rusların kredit kartlarının xarici ölkələrdə işləməsi mümkün deyil. Sanksiyalardan sonra köçürülmələr dayandırıldığından otellər tur operatorlardan pullarını ala bilmirlər. Eyni zamandan, əvvəlcədən ödəmələr də mümkün olmur. Sanksiyaların olduğu müddətdə bu vəziyyət davam edəcək. Ümid edirik ki, vəziyyət tezliklə düzələcək”, – Bağlıkaya qeyd edib.

Bağlıkaya əlavə edib ki, problem ödəmələrlə yekunlaşmır. Turistlərin gəlib-gəlməyəcəkləri ilə bağlı daha bir narahatlıq var. Rusiyanın Ukraynanı işğal etməsi ilə avropalı turistlərdən gələn rezervasiyalar ciddi şəkildə azalıb. Avropa ölkələrinin hava məkanını Rusiya təyyarələri üçün bağladığını xatırladan Bağlıkaya əlavə edib ki, Türkiyənin bu qərara qatılıb-qatılmayacağı hələlik bəlli deyil. Buna görə də qeyri-müəyyən vəziyyətdə gözləyirlər: “Rusiya-Ukrayna arasında baş verənlər sadəcə bu iki ölkəni  maraqlandırmır. Alman, ingilis, holland turistləri də mənfi yöndən təsirləndirir. Turizimçi bu gün Rusiya və Ukrayna bazarından itirdiyini hansı tərəfdən kompensasiya edəcəyini düşünür. Ümid edirik ki, müharibə tezliklə bitər. Biz də yaxın aylarda zərəri kompensasiya edə bilərik”.

Mastercard Rusiya banklarının kartlarını blokladığından sonra təkcə turistlər deyil, Türkiyədə müvəqqəti yaşayan Rusiya vətəndaşları da çətinliklə qarşılaşıblar. Mağazalar nağd və ya ilkin ödəniş tələb edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)