Azərbaycanda təkər zavodunun neçə milyona başa gələcəyi hesablanıb
Azərbaycan hökuməti respublikada avtomobil təkəri və rezini istehsalı üzrə müəssisənin tikintisinə investisiyaları 450-500 mln. dollar məbləğində qiymətləndirir. Bu barədə hökumətdən məlumat verilib.
“Azərbaycanda minik avtomobilləri üçün təkərlərə illik tələbat 2,5 mln. ədədə yaxın və yük avtomobilləri üçün 500 min ədəd təşkil edir. Hazırda ölkədə təkər istehsalı müəssisəsi yoxdur, təkərlər xaricdən idxal olunur. İndi daxili istehsal üçün şərait əlverişlidir, çünki idxal olunan məhsulların qiyməti artıb”, - hökumətdən izah ediblər.
Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkının ərazisində avtomobil sənayesi üçün rezin və təkər istehsalı müəssisəsinin yaradılması layihəsi hazırlanıb.
“Layihə təqribən 450-500 mln. dollar həcmində qiymətləndirilir. Layihənin reallaşdırılması müddəti üç il, xərclərin çıxarılması müddəti 5 il təşkil edir”, - hökumətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, Çinin “CNEEC” şirkəti (China National Electric Engineering Co Ltd) Azərbaycanda avtomobil təkəri istehsalında maraqlı olduğunu ifadə edib. 2018-ci ilin oktyabr ayında “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Çinin “CNEEC” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
18 şirkət SKSP-nin rezidenti statusuna malikdir. Onların layihələrə sərmayələri $2,8 mlrd. həcmində qiymətləndirilir.
CNEEC iri beynəlxalq ixtisaslaşmış injinirinq şirkətidir.