Gündəm

Rövnəq Abdullayevi əvəzləyən 40 yaşlı Rövşən Nəcəf kimdir?

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəfin bioqrafiyası maraq doğurub.

ENA.az xəbər verir ki, Rövşən Çingiz oğlu Nəcəf  1982-ci ildə Bakı şəhərində anadan olub. O, 2001-ci ildə İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib.
2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb.

Rövşən Nəcəf 2008–2009-cu illərdə SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009–2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.

Növbəti 8 il ərzində (2010–2018-ci illər) "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.

2018-ci ilin mayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.

Bir il sonra, 2019-cu il avqustun 28-də Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

2020-ci il fevralın 11-də iqtisadiyyat nazirinin müavini, 2021-ci il dekabrın 24-ü isə iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

Rövşən Nəcəf, Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir. O, həmçinin İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Evlidir, 2 övladı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)