Sosial iqtisadiyyat

Hərbçilərin pensiyası yenidən HESABLANACAQ

Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən, o cümlədən digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyalarının hansı qaydada yenidən hesablanacağı müəyyənləşib.

Məlumata görə, təminat xərcliyinə vəzifə və rütbə maaşı, vəzifə maaşından hesablanan əlavələr, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxildir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarına əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.

Başqa sözlə, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası hesablanması müraciət edildiyi gündən yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçiriləcək və bu halda onların pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmayacaq. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə də onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department