Sənaye

İsveçrənin saat ixracı rekord qırdı

Koronavirus pandemiyası dünya iqtisadiyyatına ağır zərbə vursa da, bir sıra istehsal sahələrində artım müşahidə olunur. Onlardan biri də İsveçrənin saat sənayesidir.

2021-ci ildə İsveçrə manufakturaları 22,3 milyard İsveçrə frankı dəyərində saat ixrac ediblər. Xüsusilə, onlayn satışların həcmində artım olub.

Son 20 ildə İsveçrənin saat ixracatı iki dəfə artıb. 2020-ci ildə pandemiya ilə əlaqədar yaranmış durğunluqdan sonra 2021-ci ildə 31 faiz artımla rekord göstərici qeydə alınıb. 2021-ci ilin göstəricisi pandemiyadan əvvəlki 2019-cu ilin ixrac göstəricisindən 2,7 faiz çox olub. Əvvəllər yalnız lisenziyalaşmış satış şəbəkəsi vasitəsilə üzərində “Made in Switzerland“ lüks saatları satan şirkətlər tədricən satışı onlayn platformalara keçirirlər. Klassik marketinq ənənələrinə sadiq olan istehsal seqmenti pandemiya sayəsində müasir ticarət imkanlarını özü üçün kəşf edə bilib. ABŞ və Çin bazarlarına ixracın səviyyəsi artdığı halda Avropa ölkələrinə ixracat aşağı düşüb.

İsveçrənin tanınmış “Swatch” konserni də onlayn satışdan mənfəət əldə edən şirkətlər siyahısında öndə gedir. Dükanlarının sayını 20 faiz azaldaraq bütün dünyada cəmi 100 dükana malik konsern onlayn satışın köməyi ilə ötən il 7,31 milyard frank dövriyyəyə nail olub (2020-ci illə müqayisədə 31 faiz artım).

Ekspertlərin rəyinə görə, mühafizəkar satış strategiyalarından tədricən uzaqlaşan istehsalçılar sosial media reklamları, rəqəmsal texnologiyalar vasitəsilə müştərilərlə birbaşa ünsiyyət və onlayn satış sayəsində yaxın gələcəkdə ixracat potensialını daha da artıra biləcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)