Mövcud olan bütün bitcoinlərin 90%-i əldə edilib: Qalan 10%-in əldə olunmasına neçə il sərf olunacaq?
13 dekabr 2021-ci il tarixində kriptovalyuta sahəsi simvolik məqsədə çatdı. Belə ki, həmin tarixdə kriptovalyuta maynerləri mövcud bütün bitcoinlərin 90%-i əldə etdilər. Bu barədə məlumatı Blockchain.com saytı xəbər verib. Məlumatda qeyd edilib ki, əldə edilmiş bitcoin sayı 19 milyon təşkil edir. Qeyd etmək lazımdır ki, sözügedən kriptovalyutanın yaradıcısı Satoshi Nakamoto bitcoin sayına ciddi məhdudiyyət qoyub. Belə ki, yalnız 21 milyon bitcoin mayninq etmək mümkündür. Məhz bu göstərici rəqəmsal valyutanın mənbə kodunda qeyd edilib.
İlk bitcoin təqribi olaraq 13 il bundan öncə istifadəyə verilmişdi. 3 yanvar 2009-cu il tarixində bütün bitcoin sisteminin əsası qoyulmuşdu. Analitiklərin hesablamalarına əsasən yerdə qalan 10% bitcoin (2 milyon ədəd) növbəti 118 il ərzində mayninq olunacaq. Onların hesablamalarına əsasən sonuncu bitcoin 2140-cı ilin fevral ayında əldə olunacaq. Sözügedən hesablamada halving (yeni kriptovalyuta vahidinin generasiya sürətinin aşağı düşməsi prosesi) qrafiki və şəbəkə aktivliyinin qiymətləndirilməsi istifadə edilib.
Maraqlısı ondadır ki, 2040-cı ilə kimi maynerlər bitcoinlərin 99.62%-ni əldə edəcəklər. Son bitcoinin əldə olunmasına isə 40 il sərf olunacaq. Lakin bazara heç də bütün bitcoinlər çıxarılmayacaq. Belə ki, statistikaya əsasən 3.7 milyon itirilmiş bitcoin mövcuddur. Söhbət, vəfat etmiş və ya rəqəmsal portmanatlarının şifrələrini unutmuş şəxslərin bitcoinlərindən gedir. Bundan əlavə 1 milyondan bir qədər çox bitcoinə isə Satoshi Nakamoto sahibdir.