Gündəm

Azərbaycanın beynəlxalq sənədləri imzalayarkən Ermənistanla bağlı irəli sürdüyü qeyd-şərt dəyişib

Milli Məclisin bu gün keçirilən iclasında Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə və “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Sənəd barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, məsələ əqli mülkiyyət hüququnun qorunması və mühafizəsi sahəsində əməkdaşlıq üzrə sazişlərin ratifikasiyası ilə əlaqədardır: "Sazişlərin spesifikliyindən danışan birinci vitse-spiker diqqətə çatdırıb ki, sənəddə sahə əməkdaşlıq orqanının yaradılması nəzərdə tutulub. Sazişə görə, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar və Şura öz fəaliyyətini bu sazişin ayrılmaz hissəsi olan müvafiq Əsasnamə əsasında həyata keçirir. Azərbaycan tərəfi sənədə müəyyən qeyd-şərtlə qoşulur".

Azərbaycanın indiyədək beynəlxalq sənədləri imzalayarkən Ermənistanın torpaqlarımızı işğalı faktını xüsusi qeyd-şərt kimi irəli sürməsinin siyasi-hüquqi və tarixi əhəmiyyətini vurğulayan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hazırda təqdim olunan qeyd-şərtin ərazi bütövlüyü məsələsi ilə deyil, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı olduğunu bildirib.

Bildirilib ki, bu beynəlxalq sənədlər 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Saziş və 2017-ci il mayın 26-da Kazan şəhərində imzalanmış “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokoldur. Sözügedən saziş və protokolla bağlı tarixi ardıcıllıq üzrə ətraflı izahat verilərkən Azərbaycanın bu sənədlərə qoşulmasını dövrün çağırışları kontekstində dəyərləndirilib. Təqdim olunan sazişlə bağlı Azərbaycanın müvafiq qeyd-şərtinin keyfiyyətcə yeni məzmun daşıdığı, Vətən müharibəsindəki Zəfərin yaratdığı reallıqlara və çağırışlara tam uyğun olduğunu bildirilib. Belə ki, Azərbaycanın qeyd-şərtinə görə bu sazişin müddəaları münaqişənin nəticələri tam aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

Vurğulanıb ki, qanun layihəsində 1998-ci il 4 dekabr tarixli “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Qanunun ləğvi də 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişin müddəalarından irəli gəlir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)