ENA+

Səudiyyə Ərəbistanının büdcəsi son 10 ildə ilk dəfə kəsirsiz olacaq

əudiyyə Ərəbistanının Nazirlər Kabineti krallığın 2013-cü ildən bəri ilk dəfə profisitli olacaq 2022-ci il büdcəsini qəbul edib.

Müvafiq sənəd kral Salman bin Əbdül Əziz Əl Səudun sədrliyi ilə keçirilən hökumətin xüsusi iclasında təsdiqlənib.

Təsdiq olunmuş büdcəyə əsasən, gəlirlər 1,045 trln. Səudiyyə riyalı (278,56 mlrd. ABŞ dolları), xərclər isə 955 mlrd. riyal (254,56 mlrd. dollar) təşkil edəcək. Beləliklə, büdcə profisiti 90 mlrd. riyal (24 mlrd. dollar) və ya ölkə ÜDM-nin 2,5%-i həcmində proqnozlaşdırılır. Bu, krallığın 2014-cü ildə dünya neft qiymətlərinin düşməsindən sonra ilk büdcəsidir ki, bu büdcədə gəlir maddəsi xərclər maddəsini üstələyir.

“Əlbəttə, vəsait hökumət ehtiyatlarının artırılmasına, ölkənin koronavirus pandemiyası ilə mübarizədə ehtiyaclarının ödənilməsinə, krallığın maliyyə vəziyyətinin gücləndirilməsinə və qlobal sarsıntılara və böhranlara tab gətirmək qabiliyyətimizin artırılmasına yönəldiləcək”, – vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud bildirib.

O əlavə edib ki, Səudiyyə Ərəbistanı Suveren Fondu 2022-ci ildə ölkəyə 150 ​​mlrd. riyal (39,98 mlrd. dollar) investisiya etməyi planlaşdırır. 2021-ci ildə investisiyaların həcmi 84 mlrd. riyala (22,39 mlrd. dollar) bərabər olub.

SPA-nın məlumatına görə, 2022-ci ildə krallıqda iqtisadiyyatın qeyri-neft sektoru keçən illə müqayisədə 4,8% çox mənfəət gətirəcək. Özəl sektorun 7% artım göstərəcəyi gözlənilir. Bundan əlavə, dünyanın ən böyük neft ixracatçısı 2022-ci ilin sonuna qədər dövlət borcunu ÜDM-in 25,9%-dək azaltmağı planlaşdırır (bu il gözlənilən 32,7%-dən çox). Büdcəyə əsasən, 2022-ci ildə ÜDM artımı 7,4% təşkil edəcək.

Maliyyə sənədində illik büdcənin hesablamalarının neftin hansı qiyməti əsasında aparıldığı göstərilməyib. “Reuters”in istinad etdiyi ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları təxminən 50-55 dollar civarında olan qiymətə əsaslanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)