TURİZM

Yeni ili Gürcüstanda keçirmək istəyənlər üçün seçimlər

Yeni ili - Miladın möhtəşəmliyini, təntənəli şəkildə qeyd edildiyini görmək üçün azərbaycanlıların əksəriyyəti qonşu xristian ölkələrinə, ya da Avropaya üz tuturlar. Avropanın pandemiya şərtləri çətin olduğundan bu il də əsas turizm istiqaməti qonşu Gürcüstan və Rusiyadır. Rusiyanın QR kod anlaşılmazlığı davam etdiyindən “ən yaxşısı elə Tiflisdir”, deyə seçim edənlər artır.

Beləliklə, məqaləmiz əsasən Tiflisə ilk dəfə gedənlər üçün nəzərdə tutulsa da, hamı üçün faydalı ola bilər.

Necə gedəcəyik? 

Ondan başlayaq ki, Tiflis qışda soyuq olur, ona görə də baqajınızı hazırlayarkən isti paltarlara önəm verin. Azərbaycanla Gürcüstan arasında quru sərhədi bağlıdır, deməli yalnız təyyarə ilə getmək mümkündür. Azərbaycandan Gürcüstana təyyarə ilə gediş 1 saat çəkir. Gürcüstanın milli valyutası laridir (GEL). Hazırda 1 lari 50-55 qəpik arasında dəyişir. 

Qeyd edim ki, Azərbaycanla Gürcüstan arasında viza yoxdur, xarici pasport, PCR test mütləqdir. Pandemiya ilə bağlı karantin qaydaları əsasında ölkəyə giriş şərtləri ilə burada tanış ola bilərsiniz.

Ucuz aviabilet və otellər

Gürcüstana təyyarə biletlərinin qiymətinə gəlincə, ən ucuzunu milli loukoster olan Buta təklif edir. Qiymətlər 55 avrodan başlayır, lakin getdikcə bahalaşır. Məsələn, dekabrın 17-nə bir tərəfli gediş qiyməti artıq 147 manat təşkil edir. Dekabrın 28-nə isə Buta bileti 177 manata təklif edir. Odur ki, çalışın biletləri öncədən bron edəsiniz, çünki hər dəqiqə qiymətlər dəyişir.

Əgər siz ekonom səyahət etməyi düşünürsünüzsə Tiflisdə hosteldə və yaxud ekonom günlük kirayə evlər bron edə bilərsiniz. Hostellərin günlük qiyməti 5-10 dollardan, evlərin qiyməti isə 10-15 dollardan başlayır. Hostel rezervasiyası üçün dünyanın ən məşhur sistemlərindən biri olan Hostelworld vebsaytını məsləhət görərdik. Evlərin kirayəsi üçün isə Airbnb-dən istifadə edə bilərsiniz.

Ümumiyyətlə, Tiflisdə bahalı otellər Azadlıq meydanı və Opera Teatrı yaxınlığında yerləşir. Dörd ulduzlu otellərin qiyməti 1 nəfər üçün 15-20 dollardan, beşulduzlu otellərin qiyməti isə 1 nəfər üçün 35 dollardan başlayır. Nəzərə alın ki, qiymətlərə əks hallarda yalnız otaq və səhər yeməyi daxil olur. Onlayn platformada rezervasiya etdikdə hər zaman diqqətli olmağınız vacibdir. Rezervasiyada “Non refundable” qeyd olunubsa, bu o deməkdir ki, rezervasiya olduqdan sonra artıq nə rezervasiyanı ləğv edə bilərsiniz nə də tarixi dəyişdirə bilərsiniz. Ona görə də həmişə “Non refundable” olan otaqların qiyməti ucuz olur. Yaxşı olardı ki, dəqiq planladığınız səyahət üçün otağınızı “non refundable” seçəsiniz. Şəhərdə ictimai nəqliyyat və taksi çox ucuzdur, əgər sifarişsiz taksi ilə getmək istəsəniz, mütləq “bazarlıq” etməyi unutmayın.

Tiflisin görməli 7 YERİ

Beləliklə, göydələn və tıxaclardan uzaq və arxitekturasını hələ də qoruyub saxlayan Tiflisdə yeni ili necə keçirə bilərsiniz, haranı gəzmək sizə xüsusi zövq verəcək, bunlara toxunaq. Tiflis sıra ilə düzülmüş balaca evləri ilə nağıl şəhərciyi təəssüratı yaradır. Onlar tarixi abidələrini “əhəmiyyətini itirmişdir” damğası vuraraq sökməyiblər.

Rustaveli – Tiflisin ən məşhur prospektidir, hara baxırsan, keçmişdən xəbər verir. Elə sağı-solu alış veriş mağazaları ilə doludur. 2 opera və teatr binası, 1 universitet, 4 kilsə bu prospektdə yerləşir.

Old Toun və ya Köhnə Şəhər – Tiflisin mərkəzini, ən qədim abidələrini əhatə edir. Əgər siz Tbilisiyə ilk dəfə səyahət edirsinizsə, mən sizə bu qədim şəhərin elə qədim küçələrindən başlamağı məsləhət görərdim. Burada hər qədim tikilinin öz maraqlı tarixçəsi var. Bu küçələri saatlarla gəzməkdən doymaq olmur ki, olmur.

Metekhi körpüsü – sülh körpüsü adlanır. Bu körpü köhnə və yeni şəhəri bir-birinə bağlayır. Azadlıq Meydanı isə şəhərin mərkəzi hissəsindədir və meydanın ortasında Saint Georgenun bir əjdahanı öldürdüyü heykəli görəcəksiniz.

Narikala qalası - Mtatsminda dağının üstündə yerləşir və şəhərin ən görməli yerlərindən biri sayılır. Təpəyə çıxanda sağ tərəfdən bu qala, sol tərəfdə isə “Gürcülərin anası” heykəlini görəcəksiniz. Sanki şəhərin keşiyini çəkən, bir əlində şərab, bir əlində qılınc tutan bu abidə: dostlarımızı şərabla qarşılayaraq, düşmənlərimizlə döyüşməkdən qorxmarıq, deyir.

Sameba kilsəsi – onu görməmək mümkün deyil, çünki ən yüksəklikdə yerləşən qədim məbəddir. Oraya çıxmaq bir qədər məşəqqətlidir, üzü yuxarı xeyli məsafə qalxmalısınız, amma çatıb içəri daxil olduğunuzda bu əziyyətinizə dəyər deyə düşünəcəksiz. Çünki oradan şəhəri görmək bir ayrı zövq bəxş edir. Kilsədən aşağıya doğru qayıtdıqda isə Kral Gogh heykəlini görəcəksiniz. Gürcülərin anası, Sameba kilsəsi və Kral Gogh heykəli arasında mütləq bir bağlantı var, çünki heykəllərin hər üçü bir-birinə baxır.

Kükürdlü Hamam  Narikaladan aşağı hissədə Abantubanidə Tbilisi Hamamı yerləşir. Bu hamama səfər edərkən xarici turistlər adətən şərq yuyunma ənənəsi ilə tanış olurlar. Kükürdlü hamamlara getmək turist proqramlarına mütləq daxil edilir. Siz burada termal bulaqların suyu ilə dolu hovuzda uzanmaqla bərabər, yorğunluğunuzu alacaq massaj da sifariş edə bilərsiniz. Qiymətlər elə də baha deyil. Xidmətlərdən asılı olaraq 2-10 USD arasında dəyişir.

Tbilisi Kanat Yolu – Şəhərin ən əlamətdar atraksionu kimi qəbul edilir. Eyni zamanda rahat nəqliyyatdır, sürətli və ən əsası tıxacsız. Kanatdan istifadə etmək üçün 1 lari ödəməlisiniz.

 

Yeni il şənliyi, şou-proqramlar

Gürcüstanda əhalinin 82%-i ortadoks xristianlığa aiddir və bu ölkədə yeni il çox möhtəşəm qarşılanır. Paytaxt Tiflisdə xüsusi bayram şənlikləri keçirilir, kafe və restoranlarda xüsusi proqramlar hazırlanır.

Tiflisdə yeni il ərəfəsində bütün şəhər bəzədilir, Yeni il tədbirləri hər il dekabrın 25-də paytaxtın əsas meydanda yolkanın işıqlandırılması ilə başlayır və 2020-ci il yanvarın 13-dək davam edir. Yeni il şənlikləri əsasən paytaxt Tiflisin Respublika meydanı və Orbeliani meydanında baş tutur.

Yeni il tədbiri üçün paytaxtın Respublika meydanında "Yeni il şəhəri" (Milad kəndi) qurulur. Burada müxtəlif tədbirlər və şənliklər, eləcə də yarmarkalar təşkil olunur. Paytaxt Tiflis ilə yanaşı, region sahibkarları, fermer və fərdi təsərrüfat sahibləri şəhərdə yaradılmış yarmarkalarda məhsullarını satışa çıxarırlar.

Tiflisdə əyləncə çoxdur. Kral Gogh-un heykəli qarşısında yeni il şousu düzənlənir. Karantin qaydalarnı nəzərə alsaq, təhlükəsizliyə ciddi nəzarət olunur. Polis buraya toplaşanların üstünü yoxlayır, turistlərdən sənəd tələb edir. Odur ki, belə bir yoxlamaya məruz qalsanız, adi qarşılayın. Mtatsminda parkına mütləq baş çəkin, çünki bayram günlərində uşaqlarınızın və özünüzün əylənə biləcəyiniz bir parkdır.

Restoranlarda yeni il şousuna qatılmaq istəsəniz, əlavə 30 dollar xərcləyəcəyinizi bəribaşdan nəzərə alın. Ümumilikdə, müqayisə etsək, Tiflisdəki restoranların şou-proqramları bizim Bakıdakısan dəfələrlə ucuzdur.  

Tiflisdə nə yeməli?

Restorandan, yeməkdən söz düşmüşkən, Qafqaz xalqlarının tərkibinə daxil olan Gürcülərin mətbəxi çox zəngindir. Ən məşhur yeməkləri gürcü xəngəli və xaçapuridir. Bundan əlavə, hər hansı restorana getsəniz saçvili, xarço, kupatı, libionun da dadına mütləq baxın.

Gürcüstan çaxırları ilə dünyada məşhur ölkələrdən birinə çevrilir. İldən-ilə dünyada çaxır ixracına görə irəliləməkdə davam edir. Limonadlardan tərxunlu Lagidzeni bəyənəcəyinizə əminəm. Mineral sulardan isə Borjomi və Nabeqlavini dadın. Bütün bunları etdikdən sonra evə bir az Sluquni pendiri almağı da  yadınızdan çıxarmayın.

Sizə gözəl yeni il əhval-ruhiyyəsi arzulayırıq, Həmişə Gəzməkdə!    

 

aviatravel.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department