İnşaat və əmlak

40 binadan ibarət olacaq yeni yaşayış kompleksi tikiləcək - MİDA-NIN SƏDRİ İCLAS KEÇİRİB

27 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclas keçirilmişdir.

Mənzil İnşaatı Dövlət Agentliyindən "BI"yə daxil olmuş məlumata görə, Agetliyin İdarə Heyətinin sədri Sadiq Sadıqov təşkilatın 2018-ci il ərzində fəaliyyətinin əsas istiqamətləri və nəticələri barədə ətraflı məlumat verib.

Sadiq Sadıqov 2018-ci ilin Agentliyin fəaliyyətində bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldığını vurğuladı.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin açılışının olması və Yasamalda yeni yaşayış kompleksinin təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır.

2016-cı ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin bütün yaşayış binalarının, 960 şagird yerlik ümumtəhsil məktəb binasının və 240 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Şəhərcikdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şəraitin yaradılmasına xüsusi diqqət yetirilmiş, istirahət guşələri yaradılmış, uşaqların əylənməsi üçün müxtəlif attraksionlar, yelləncəklər quraşdırılmışdır. Kompleksin daxilində avtomobil və velosiped yolları salınmış, fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılmışdır.

Qeyd edildi ki, 2018-ci ildə Agentliyin fəaliyyətində önəmli hadisələrdən biri də 05.09.2018-ci il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçiminin həyata keçirilməsi olmuşdur. Həmin mənzillərdən 278-nin alqı-satqısı başa çatmışdır. Güzəştli şərtlərlə əldə edilmiş 278 mənzildən 57-si 1 otaqlı, 146-sı 2 otaqlı, 75-i isə 3 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilir. Mənzilə sahib olmuş vətəndaşlardan 61-i mənzili öz vəsaiti hesabına, 217-si isə güzəştli ipoteka krediti hesabına əldə etmişdir.

Bununla yanaşı, Sadiq Sadıqov Agentliyin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksi barədə məlumat verib.

Qeyd edilib ki, 2017-ci ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Hövsan Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir.

Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında, 20 hektar ərazidə inşa olunan Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin beton-konstruksiya işləri yekunlaşmaq üzrədir. Paralel olaraq digər 7 mərtəbəli binaların tikintisi həyata keçirilir. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektar ərazidə reallaşdırılan bu şəhərcik 11 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisinin 7-mərtəbəli 18-girişli, dördünün isə 10-mərtəbəli 1-girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 2962 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1401-nin ikiotaqlı, 980-nin üçotaqlı, 301-nin isə dördötaqlı olması planlaşdırılır.

Burada çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi təmin ediləcək. Kompleksin ərazisində sakinlərinin bütün ehtiyaclarını ödəmək məqsədilə hər biri 90 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır.

Bakı şəhəri, Yasamal rayonunda, xarici dairəvi avtomobil yolunun kənarında, 15,4 hektar ərazidə inşa olunacaq yeni yaşayış kompleksi haqqında məlumat verən Sadiq Sadıqov qeyd edib ki, Kompleks 22 doqquzmərtəbəli və 18 onikimərtəbəli olmaqla 40 binadan ibarət olacaq. Bu binalarda ümumilikdə 2202 mənzil olacaq ki, onlardan 160-nın birotaqlı, 114-nün studio tipli, 674-nün ikiotaqlı, 1128-nin üçotaqlı, 126-nın isə dördotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 33-96 m2 təşkil edəcək. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 1 mərtəbəli 350 (100,125,125) yerlik üç uşaq bağçasının, 3 mərtəbəli 1200 şagird yerlik orta təhsil məktəbinin isfadəyə verilməsi nəzərdə tutulmuşdur.  Ərazidə 2200 sayda avtomobilin park edilməsi üçün açıq tipli dayanacaq nəzərdə tutulmuşdur.

Şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində, iş yeri mərkəzlərinə yaxın ərazidə yerləşən Kompleksdə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə ərazinin nəqliyyat infrastrukturunun yenilənməsi və imkanlarının genişləndirilməsi planlaşdırılır.

Bununla yanaşı, uyğun qiymətə mənzil təminatı layihələrinin ölkənin regionlarında da davam etdirilməsi məqsədilə Gəncə və Sumqayıt şəhərlərində torpaq sahələrinin Agentliyin sərəncamına verilməsi ilə bağlı müvafiq işlər başa çatmaq üzrədir.

Sadiq Sadıqovla yanaşı, tədbirdə hesabat məruzələri ilə çıxış edən Agentliyin digər vəzifəli şəxsləri də müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department