İlk “Apple” kompüterlərindən biri hərracda 400 min dollara satılıb
Çərşənbə axşamı günü 1976-cı ildə istehsal edilmiş 200 ədəd “Apple-1” kompüterindən biri Kaliforniyada keçirilən hərracda 400 min dollara satılıb.
Bu barədə “Agence France-Presse” (АFP) yazır.
Qeyd olunur ki, bu model kompüterlər 1976-cı ildə “Apple”ın qurucuları Stiv Voznyak və Stiv Cobs tərəfindən şəxsən yığılıb. 200 ədəd “Apple-1″dən 175-i satılıb. Bu günə qədər dünyada 20-yə yaxın kompüterin işlək vəziyyətdə olduğu təxmin edilir. Hərracın veb-saytında sistem blokunun Havay adalarında bitən ağacdan hazırlandığını göstərir. Kompüter 1986-cı ildə istehsal olunmuş “Panasonic” monitoru ilə birlikdə satılıb.
Satışa çıxarılan lot cəmi iki nəfərə məxsus idi. Onun ilk sahibi proqramlaşdırmadan dərs deyən amerikalı professor olub və bu kompüteri 1977-ci ildə tələbələrindən birinə satıb. “O, “Apple-II” alacaqdı və köhnə kompüterini 650 dollara mənə satdı. Təbii ki, heç kim kompüterin hərraca çıxarılacağını düşünmürdü”, – kompüterin keçmiş sahibi bildirib.
1976-cı ildə yeni “Apple-1″in qiyməti 666,66 dollar olub. Bu qiymət etiketi həm də Stiv Voznyakın “qəşəng” rəqəmləri sevdiyinə görə təyin olunub.
Lotun dəyərinin 600 min dollara qalxa biləcəyi gözlənilirdi. 2013-cü ildə Almaniyada keçirilən hərracda “Apple-1” kompüteri 671 min dollara, 2014-cü ildə isə sözügedən model kompüter Nyu-Yorkda 905 dollara satılıb.
Xatırladaq ki, “Apple” şirkəti 1 aprel 1976-cı il tarixində təsis olunub. Müəssisəni maliyyələşdirmək üçün onun təsisçiləri Stiv Cobs avtomobilini, Stiv Voznyak isə bahalı kalkulyatorunu satmaq məcburiyyətində qalıb. “Apple-1” – şirkətin ilk kompüteri və geniş istehlakçılar üçün əlçatan olan dünyada ilk fərdi kompüterlərdən biridir. Hazırda baş ofisi Kaliforniyanın Kupertino şəhərində yerləşən korporasiya dünyanın ən böyük şirkətlərindən biridir.