Cavanşir Feyziyevin ailəsinin Londondakı hesablarına həbs qoyulub?
Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevə, onun həyat yoldaşına, oğluna və bir qohumuna məxsus bank hesablarındakı 20,5 milyon dollara (15 milyon funt sterlinq) həbs qoya bilər.
Bu barədə məlumatı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) yayıb.
Məlumatda qeyd olunur ki, nə Cavanşir Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı hər hansı cinayət ittihamı irəli sürülüb. Agentlik belə hesab edir ki, sözügedən vəsaitlər “çirkli pullardır” və Azərbaycandan köçürülüb.
Bildirilir ki, 15 milyon funt sterlinqin 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, 6,4 milyonu isə oğlu Orxan Cavanşirə məxsusdur. Pərvanə Feyziyeva və oğlu Orxan Cavanşir sözügedən ölkədə yaşamaq imkanını təmin etmək üçün bu pulun bir hissəsini Böyük Britaniyanın investisiya vizası proqramına yatırıblar.
Məlumata əsasən, ümumi məbləğin kiçik bir hissəsi – bir milyon funt sterlinqdən bir qədər çoxu Feyziyevin qohumu Elman Cavanşirə məxsusdur.
O bildirib ki, 2017- ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılıb:
“Biz İngiltərəyə köçürülmüş pul vəsaitlərinin qanuni mənbəyini təsdiq edən sənədləri araşdırmaya təqdim etmişik və mətbuatda yayılmış xəbərin əsassız olduğunu bildirmişik. Məsələyə İngiltərə məhkəməsində baxılmasını istəmişik və inanırıq ki, məhkəmə hər iki tərəfin arqumentlərini ədalətli şəkildə dəyərləndirəcək. Belə bir məsələnin araşdırılması İngiltərədə qəbul olunmuş yeni qanunvericiliyin tətbiqi ilə bağlıdır. Yeni qanuna görə İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik”.