Bir tapşırığın 30 trilyon il əvəzinə 1 millisaniyəyə yetirilməsi: Çinlilər yeni kvant kompüterini yaradıblar
Çinlilər tərəfindən yaradılmış yeni kvant kompüteri Google şirkətinin analoqundan milyon dəfə daha güclüdür. Çox güman ki, yaradılmış yeni kvant kompüteri dünyanın ən sürətlisidir. Kvant texnologiyaları sahəsində Vaşinqton ilə Pekin arasında rəqabət getdikcə artır. Çinli fiziklərin sözlərinə əsasən onlar Google şirkətinin kvant kompüterini həm gücdə həm də sürətdə dəfələrlə üstələyən yeni kvant kompüterini hazırlayıblar. Verilmiş məlumata əsasən Jiuzhang 2 adlı kvant kompüteri 1 millisaniyə ərzində elə bir tapşırığın öhdəsindən gəlir ki, həmin tapşırığı həll etmək üçün adi güclü kompüterə 30 trilyon il vaxt lazım olardı. Bundan əlavə olaraq çinli mütəxəssislər Zuchongzhi 2 adlı kvant kompüter barəsində də məlumat veriblər. Bu kvant kompüter daha öncəkinin yeni versiyasıdır.
Məlumatda qeyd edilib ki, 66 kubitə (kvant kompüterində ən kiçik informasiya vahididir və kvant hesablamalarda istifadə olunur) sahib Zuchongzhi 2 kompüteri Google şirkətinin 55 kubitli Sycamore adlı kvant kompüterindən 10 milyon dəfə daha sürətlidir. Jiuzhang 2-yə gəldikdə isə o, adi kompüterlərdən 100 sekstilyon dəfə daha sürətlə çalışır. Sözügedən kvant kompüterlərin bu cür göstəricilərinin hesablama sahəsində yarada biləcəkləri inqilaba baxmayaraq onlar yaxın zamanda bazarda təqdim olunmayacaqlar. Hər iki kompüter hələ ki, xüsusi mühit çərçivəsində çalışa bilir. Bununla yanaşı ən dəqiq hallarda belə kompüterlər çoxlu sayda səhvlər buraxırlar. Çinli alimlər bu cür mənfi özəllikləri yaxın 4-5 il ərzində aradan qaldıracaqlarına söz veriblər.