“Xiaomi” ilk smartfonunu alanlara pulu geri qaytaracaq
“Xiaomi” “minnətdarlıq əlaməti olaraq” ilk istehsal etdiyi “Mi 1” smartfonunu alanlara pulu geri qaytaracaq.
ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Verilən məlumata görə, aksiya Çin texnologiya nəhənginin bazara çıxmasının 10 illiyi ilə əlaqədar keçirilir.
Xatırladaq ki, “Mi 1” smartfonu 2011-ci ildə 1999 yuan qiymətinə çıxıb. 10 il ərzində şirkət ondan 184 min ədəd satıb, onların ümumi qiyməti 370 milyon yuan və ya 57 milyon dollar təşkil edir.
Bildirilir ki, aksiyada yalnız Çindən olan istifadəçilər iştirak edə, pullar isə “Xiaomi”nin rəsmi mağazalarından birində xərclənə bilər. Şirkətin baş direktorunun sözlərinə görə, “Mi 1” smartfonunun satışından əldə edilən pullar sayəsində “Xiaomi” bazarda mövqeyini möhkəmləndirməyi bacarıb.