MALİYYƏ

Hökumət Ödəniş Portalı ilə 2 mlrd manatlıq ödəniş edilib

Azərbaycanda dövlət büdcəsinə və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanması üçün yaradılmış Hökumət Ödəniş Portalına (HÖP) indiyə qədər 11 mərkəzi icra hakimiyyəti orqanı, 3 Dövlət Agentliyi, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 114 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1 438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.

Sənəddə həmçinin deyilir ki, hazırda həmin qurumlar üzrə 900-dən çox xidmət üzrə ödənişlər toplanılır. Bu xidmətlər üzrə ödənişlər 26 bank, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 1 300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparılır. Bu ilin I yarısında HÖP-də 55%-i nağdsız olmaqla 1,9 milyard manat dəyərində 30,5 milyon ədəd ödəniş tranzaksiyası emal olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)