"Sürətli qatarın önündə durmaqdansa, ona minmək lazımdır"
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə rəqəmsal pulların istifadəsi imkanlarına münasibət bildirib.
Bu barədə baş bankir onlayn keçirdiyi mətbuat konfransında danışıb.
“Sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır. Hesab edirəm ki, biz bu qatara oturanlardan olacağıq. Amma rəqəmsal valyuta ilə bağlı suallar çoxdur. Məsələn, bu növ valyuta maliyyə sabitliyinə necə təsir edəcək? Həmçinin çirkli pulların yuyulması ilə bağlı vəziyyətin də necə olacağı sual doğurur. Amma dünyada ciddi müzakirələr və eksperimentlər aparılır.
AMB rəqəmsal manatla bağlı araşdırmalar aparır və bu sahədə Türkiyə Mərkəzi Bankı ilə həftəlik müzakirələr gedir. Onların ciddi tədqiqatları var və biz də bu tədqiqatlara qoşulmuşuq. Nəticə haqqında ictimaiyyətə məlumat verəcəyik. Hesab edirəm ki, bu, rəqəmsal iqtisadiyyatın ciddi tərkib hissəsi olacaq”, – o qeyd edib.