Sosial iqtisadiyyat

Qeyri-ərzaq mallarının təhlükəsizliyini təmin edəcək qaydalar təsdiq olunub

Nazirlər Kabineti texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində bir sıra qaydaları təsdiq edib.

ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, yeni qaydaların tətbiqi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsinə, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, ticarətdə texniki maneələrin aradan qaldırılmasına və malların rəqabət qabiliyyətliyinin artırılmasına xidmət edəcək.

Yeni qaydalara görə, qeyri-ərzaq mallarının təhlükəsizliyinin təmin edilməsi üçün risk əsaslı yanaşma tətbiq olunacaq. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edərək sərbəst satışı həyata keçirə biləcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq.

Qaydalara əsasən, müvafiq qurumlar və sahibkarlar uyğunluq setifikatlarının və ya bəyannamələrinin tərtibi ilə əlaqədar qərar qəbul etdikləri gün bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Nazirliyinin reyestrinə daxil edilən uyğunluq setifikatları və ya bəyannamələri əsasında texniki sənədlərə və qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı vurula bilər. Azərbaycan uyğunluq nişanı - AZC hərfləri ( "Azerbaijan Conformity" Azərbaycan dilinə tərcümədə "Azərbaycan uyğunluğu") ilə təqdim olunur.

Malların risk qruplarının təyin edilməsi meyarları barədə təklifləri İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinə təqdim edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department