Bank

Rusiyanın Azərbaycandakı bankı yığılmış zərərini azaltmağa başlayıb - HESABAT

Ötən iki rübdə ümidsiz borclardan geri qaytarmaya nail ola bilməyən Rusiyanın Azərbaycandakı bankı olan "VTB Bank (Azerbaijan)” ASC 021-ci ilin yanvar-iyun ayları üzrə hesabatını açıqlayıb. İllər üzrə yığılmış zərərin həcminə görə Azərbaycan bankları arasında TOP-3-lükdə olan  Rusiya bankı əksər göstəricilər üzrə vəziyyətini yaxşılaşdırıb. 

Hesabata görə, bu ilin I yarısında aktivlərini 9,7% artıraraq 205 milyon 575,72 min manata yüksəldib. Aktivlərinin 77,5%-ini kredit portfeli təşkil edən bank bu ilin yanvar-iyun aylarında kredit kimi rəsmiləşdirdiyi borcların həcmini 26,6% artırıb və 159,301 milyon manatdək artırıb. Bankın istehlak kreditləri üzrə portfeli 49,2% böyüyüərək 31,161 milyon manat, biznes kreditləri üzrə portfeli 22,7% böyüyərək 101,091 milyon manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın öhdəliklərində 13,7% artım baş verib və 140 milyon 352,85 min manat olub. Depozit portfelində 16,5% artma qeydə alınıb və ümumi həcmi 87 milyon 752,48 min manata yüksəlib. Əsas artım - 10 milyon 641 min manat hüquqi şəxslərin hesablarında baş verib. Fiziki şəxslərin əmanətlərində isə cəmi 1 milyon 806 min manat artım olub.  Bankın Mərkəzi Bankdan aldığı borclar da artraq 36 milyon 686 min manat təşkil edib. 

İyulun əvvəlinə bankın balans kapitalı 2% artaraq 65 milyon 222,88 min manat, nizamnamə kapitalı isə dəyişməyərək 315,815 milyon manat təşkil edib. Balans kapitalında artım bölüşdürülməmiş zərərin həcminin 252 milyon manatdan 251 milyon manata düşməsi və ehtiyatların qismən artması ilə əlaqədardır. 

I yarımillikdə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 986,05 min manat təşkil edib, bu, ötən ilin eyni dövrünə nisbətən 36,2% azdır. Bankın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxalaraq 10,979 milyon manat, xərcləri isə 40,7% artaraq 12,439 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 2,446 milyon manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Qeyd edək ki, 2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)