Avstraliya sakinlərinə COVID-19-a görə həftədə 550 dollar ödəniləcək
Yeni Cənubi Uels və Viktoriyada koronavirusun “delta” növünün yayılması səbəbindən karantinlə əlaqədar gəlir yerini itirən Avstraliya vətəndaşları həftəlik 750 Avstraliya dollarına (550 ABŞ dolları) qədər müavinət ala biləcəklər. “TASS”xəbər verir ki, bu barədə çərşənbə günü Avstraliyanın Baş naziri Skott Morrison məlumat verib.
“Dövlət tərəfindən tətbiq edilən karantin rejiminə keçən və gəlir yerini itirən vətəndaşlara həftəlik müavinətlər ödəniləcək. Tələblərə cavab verən və karantindən əvvəl həftədə 20 saat çalışan işçilər 750 Avstraliya dolları (550 ABŞ dolları), 8-20 saat çalışan işçilər isə 450 Avstraliya dolları (330 ABŞ dolları) həcmində müavinət alacaqlar”, – deyə Baş nazir ölkə hökumətinin saytında dərc edilən açıqlamada qeyd edib.
Müavinətlər 2 avqust tarixindən ödənilməyə başlayacaq və karantin müddəti ərzində avtomatik olaraq uzadılacaq. Yəni karantindən əvvəl 8 saatdan çox işləyən və sosial müavinət alan şəxslər də əlavə 200 Avstraliya dolları (147 ABŞ dolları) üçün müraciət edə biləcəklər.
Hökumət başçısı əlavə vəsaitlərin federal hökumət tərəfindən Yeni Cənubi Uelsdəki kiçik və orta sahibkarlara dəstək şəklində ödəniləcəyini söyləyib. “Qeyri-kommersiya təşkilatları da daxil olmaqla, tələblərə cavab verən bütün müəssisələrə həftəlik 1.5 min dollardan 100 min dollara qədər müavinət ödəniləcək (1.1 min – 73.4 min ABŞ dolları)”, – deyə nazir vurğulayıb.
Ötən gün ərzində Avstraliyada 182 nəfər koronavirusa yoluxub, onlardan 177-si Sidneyin payına düşür. Ümumilikdə, ötən ilin mart ayından bəri ölkədə 33 268 nəfər koronavirusa yoluxub, 921 nəfər ölüb. Hal-hazırda 11.6 milyon avstraliyalı peyvənd olunub, onlardan 3.5 milyonu bir doza peyvənd vurdurub.