Bank

Banklarımız ilin yarısını necə işlədilər? - Rəsmi rəqəmlərin təhlili

30 iyun 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 33 milyard 69,9 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Belə ki, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat olub. Yəni, yanvar-iyun aylarında bankların aktivləri 3,1% artıb.

Ötən 6 ayda bankların kredit portfeli 4,9% artaraq 14 milyard 856,9 milyon manata çatıb.  Yanvar-iyun aylarında Azərbaycanda banklar biznes kreditləri və ipoteka kreditləşməsini və istehlak kreditləri üzrə portfeli artıb.

Mərkəzi Bankın məlumatına görə, 6 ay ərzində bankların biznes kreditləri üzrə portfeli 3% artaraq 8 milyard 729,4 milyon manat olub. Beləliklə, biznes kreditləri bütün kredit portfelinin 58,8%-ini təşkil edir. Bu dövrdə banklar istehlak kreditləşməsinə 7,6% çox pul yönəldiblər və tənzimləyicinin həssaslıqla qarşıladığı bu portfelin həcmi 3 milyard 939,9 milyon manatadək artırıb, xüsusi çəkisi 26,5%-ə qalxıb. 

2021-ci ilin birinci yarısı ərzində Azərbaycanda banklar ipoteka kreditləri üzrə portfeli 8,4% böyüyüb və 2 milyard 187,6 milyon manat olub. Bu kreditlər bankların bütün kredit portfelinin 14,7%-dək yüksəlib. 

Eyni zamanda banklar əldə etdikləri gəlirin bir hissəsini kapitallaşmaya yönəldiblər və iyunun 30-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 849,8 milyon manata yüksəlib. Başqa sözlə, yanvar-iyun ayları ərzində 3,2% artıb. 

Bankların öhdəlikləri 3,1% artaraq 28 milyard 220,1 milyon manata bərabərdir. Maraqlı rəqəmlərdən biri olan Azərbaycan Mərkəzi Bank qarşısında bankların öhdəlikləri isə 0,9% azalaraq 371,1 milyon manata düşüb.  Banklarda depozit portfeli 22 milyard 125 milyon manat təşkil edir və 6,8% artım daha çox hüquqi şəxslərin bank hesablarının hesabına formalaşıb. 

Tənzimləyicinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 366,3 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,5% azdır.

Hesabat dövründə bankların faiz gəlirləri 5,6% artaraq 1 milyard 8,6 milyon manat olub və bunun 805,7 milyon manatı verilmiş kreditlərdən qazanılıb. Kreditlər üzrə gəlirlər ötən 6 ayda 6,2% yüksəlib. Qeyri-faiz gəlirləri isə 31,17% artaraq 418,9 milyon manat olub. 

Bu dövrdə bankların faiz xərcləri 8,9% böyüyüb və 262,6 milyon manat təşkil edib. Depozitlər üzrə faizlərin ödənilməsinə çəkilən xərclər 172,9 milyon manat olub və bu 12% artım deməkdir. Qeyri-faiz xərcləri 13,4% artaraq 647,2 milyon manat təşkil edib.

Beləliklə, birinci yarımilliyin yekunları üzrə bank sektorunun fəaliyyətindən əməliyyat mənfəəti 16,7% artaraq 502,4 milyon manata çatıb. 

Hesabat dövründə bankların mənfəət vergisi üzrə büdcəyə ödənişləri 22,4% azalaraq 62,8 milyon manat təşkil edib.

 

Xatırladaq ki, 2021-ci ilin yanvar-iyun aylarının yekunları üzrə ölkəmizdə fəaliyyət göstərən 26 bankın 12-si xarici kapitallıdır.

Oktyabrın sonuna bankların 465 filialı, 101 şöbəsi var. Azərbaycanın bank sektorunda ümumilikdə 18 min 993 nəfər çalışır və ötən 6 ayda bu göstərici 1,5% artıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)