MALİYYƏ

Dövlət büdcəsinə ən çox vəsait köçürən qurumlar - Siyahı

2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 12668,6 milyon manat təşkil etməklə, 11590,5 milyon manat, xərclərindən 1078,1 milyon manat artıq olub.

ENA.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı 2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin icrasına dair məlumatda deyilir.

Bildirilib ki, dövlət büdcəsinin  gəlirləri 12177,2 milyon manat proqnoza qarşı 11755,0 milyon manat və ya 96,5 faiz icra olunub.

Cari ilin birinci yarımilində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4342,0 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 mln. manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 mln. manat  və ya 8,4 faiz çoxdur.

Həmin vəsaitin 73,1 faizi və yaxud 3175,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 mln. manat və ya 9,5 faiz çox olub.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2038,2 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 259,7 mln. manat və ya 14,6 faiz,  2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 18,4 mln. manat  və ya 0,9 faiz çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 4696,7 mln. manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1403,2 mln. manat (23,0 faiz) az vəsait daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 7,3 mln. manat vəsait daxil olmaqla proqnoza 135,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 mln. manat və ya 1,6 dəfə çox olub.

Özəlləşmədən (dövlət əmlakının satışından) daxilolmalar 32,3 mln. manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 31,7 mln.manat (56,3 dəfə) çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 276,4 mln. manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,0 mln. manat və ya 3,8 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 154,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza qarşı 121,4 mln. manat və ya 4,7 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 102,8 mln. manat və ya 3,0 dəfə çoxdur.

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240,0 mln. manat vəsait transfert edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department