BİZNES

Azərbaycan hökuməti Dünya Bankının 95 milyon dollar kreditindən imtina etdi

Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün ayrılması nəzərdə tutulan $95 milyon məbləğində kreditdən imtina edib. Bu barədə Dünya Bankının (DB) Bakı ofisindən məlumat verilib.

“Azərbaycan hökumətinin sorğusu əsasında COVID-19-un əhalinin sağlamlığına və sosial-iqtisadi sahələrə təsirləri ilə mübarizə istiqamətində ölkə hökumətinin səylərinin dəstəklənməsi məqsədilə belə bir əməliyyatı müzakirə etmişdik. İyunun 23-də Azərbaycanın Maliyyə Nazirliyindən öyrəndik ki, hökumət bu mexanizm çərçivəsində layihənin təşviq edilməməsi barədə qərar qəbul edib”, - deyə DB-dən qeyd ediblər.

Eyni zamanda, DB-dən bildiriblər ki, ölkə yenidən pandemiyadan çıxdıqca, bank onun dayanıqlı və inkluziv inkişafı yolunda dəstəyini davam etdirməyə sadiqdir.

Xatırladaq ki, Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl bu həftə bildirmişdi ki, bu kreditin yaxın 2-3 ay ərzində sürətləndirilmiş prosedur üzrə təsdiq edilməsi planlaşdırılır. “Azərbaycan hökumətinin COVID-19 infeksiyası ilə əlaqədar müəyyən gözlənilməz xərcləri olub. Xüsusilə, bu xərclər infeksiyaya qarşı mübarizə tədbirləri, biznesə dəstək, əhalinin aztəminatlı təbəqələrinə sosial dəstəklə bağlı olub. DB-nin krediti Azərbaycan hökumətinə bu xərcləri qismən kompensasiya etməyə imkan verəcək”, - deyə Maykl vurğulayıb.

2020-ci ildə Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi, eləcə də biznesin dəstəklənməsi üçün dövlət büdcəsindən təxminən 2 milyard manat (cari məzənnə ilə təxminən $1,2 milyard) və ya ÜDM-in 2,7%-ni ayırıb.

COVID-19 infeksiyası ilə əlaqədar səhiyyə sistemi, özəl biznes və dövlət şirkətlərinə 2020-2021-ci illəri əhatə edən dəstək proqramı 3,5 milyard manat məbləğində (cari məzənnə ilə $2 milyarddan çox) qiymətləndirilir.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $4,4 milyard məbləğində kredit ayırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)