ADB: Azərbaycanda büdcə kəsiri gələn il ÜDM-in 0,7 %-nə düşəcək
“Azərbaycanın dövlət büdcəsinin kəsirinin daha da artaraq, ÜDM-in 4,2%-nə bərabər olacağını və sosial xərclərin yüksək səviyyədə qalacağını nəzərə alaraq, genişləndirici fiskal siyasətin həyata keçirilməsi 2021-ci ildə davam edəcək”.
Bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının "Financing a green and inclusive recovery" adlı aprel sayında bildirilir.
Sənədə əsasən, gəlirlərin bərpa olunması və xərclər ilə bağlı fiskal qaydanın təkrar tətbiq edilməsi nəticəsində büdcə kəsiri gələn il 0,7%-ə düşəcəkdir: "Vergi tətilinin sona gəlməsi və kölgə iqtisadiyyatının rəsmiləşdirilməsi istiqamətində tədbirlərin görülməsi nəticəsində vergi yığımı artacaqdır. Büdcə gəlirlərinin bu ildə artaraq ÜDM-in 34,5% təşkil etməsi və ondan sonra, Azərbaycan Dövlət Neft Fondunun transferlərinin azalması nəticəsində gələn il 33,7%-ə qədər düşməsi proqnozlaşdırılır.
Xərclərin bu il ÜDM-in 38,7%-nə qədər artması və fiskal nəzarətin bərpa olunması nəticəsində gələn il 34,7%-ə qədər düşməsi proqnozlaşdırılır. Bu ilin büdcəsində pandemiya tədbirlərinə ayrılan vəsait ÜDM-in 2,8%-nə bərabərdir və COVID-19-dan zərər çəkənlər üçün pulsuz tibbi yardım, ümumi pulsuz peyvəndləşdirmə, tibbi işçilər üçün əmək haqqının müvəqqəti artımı, dövlət müəssisələri üçün kompensasiyalar və ən aztəminatlı şəxslərə və firmalara dəstəyin təmin edilməsini daxil edir. Hökumət özəl şirkətlərə kredit zəmanətləri və subsidiyaların verilməsi vasitəsilə bu il sahibkarlara dəstək verməyə davam edəcək. İqtisadi artımın yenidən başlanması gözlənilməklə, dövlət borcunun bu ilin sonunda ÜDM-in 21,1%-inə qədər və bir il sonra 20%-nə qədər düşməsi proqnozlaşdırılır".