Birja

Neft OPEC-in qərarından sonra düşür - QİYMƏT

OPEC + ölkələrinin May-İyul aylarında hasilatı tədricən artırmaq qərarını qüvvədə saxlamalarından sonra çərşənbə günü ticarət zamanı xam neft qiymətləri bir qədər düşdü.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak "Rusiya 24" telekanalının efirində "Bazardakı vəziyyəti nəzərdən keçirdik və bir ay əvvəl bu ilin may, iyun və iyul ayları üçün istehsal səviyyələri ilə bağlı qərarları bir daha təsdiq etdik", deyib.

London birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti çərşənbə günü səhər 9:10-a qədər 66,39 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,03 dollar (0,05%) azdır. 

Nyu-York Ticarət Birjasında elektron ticarətdə İyun ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər bir barel üçün 62,91 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışındakı səviyyədən 0,03 dollar (0,05%) ucuzdur. 

Treyderlər çərşənbə günü ABŞ-da enerji ehtiyatlarına dair məlumatların yayımlanmasını gözləyirlər.

Amerika Neft İnstitutu (API) dünən ABŞ-da neft ehtiyatlarının keçən həftə 4.3 milyon barel artdığını bildirmişdi. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)