ENA+

Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib

Polşa hakimiyyəti üç rusiyalı diplomatı “persona non qrata” elan edib.

TASS xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“15 aprel 2021-ci il tarixində Rusiya Federasiyasının Polşa Respublikasındakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb. Səfirə Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının arzuolunmaz şəxs kimi tanınması barədə məlumatı əks etdirən diplomatik nota təqdim edilib”, – məlumatda belə deyilir.

Polşa XİN-in verdiyi məlumata görə, “qərar bu şəxslərin diplomatik status şərtlərini pozması” və “Polşa Respublikasının əleyhinə addımlar atması” ilə əsaslandırılıb.

“Polşa ABŞ-ın 15 aprel 2021-ci il tarixində Rusiyaya qarşı siyasətlə əlaqəli qərarları ilə həmrəydir. Birgə qəbul edilmiş, razılaşdırılmış müttəfiq qərarlar Rusiya Federasiyasının dost olmayan hərəkətlərinə ən doğru cavabdır”, – deyə Polşa XİN-in açıqlamasında qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Polşadakı diplomatik nümayəndəliyinin mətbuat katibi Vladimir Aleksandrov səfir Sergey Andreyevin Polşa XİN-ə çağırılması barədə məlumatı təsdiqləyib. Səfirlik məsələ ilə bağlı hələlik açıqlama verməyib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)