Elman Rüstəmov Dünya Bankının rəsmisi ilə görüşüb
Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov arasında görüş keçirilib.
Bu barədə “ENA”ya AMB-dən bildirilib.
Məlumata görə, görüşdə DB-nin ölkə ofisinin rəhbəri Sara Maykl da iştirak edib.
E.Rüstəmov ölkəmizin DB ilə uzunmüddətli əməkdaşlığının ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayıb. O, ölkədə mövcud iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən danışıb və bildirib ki, 2020-ci ildə qlobal bazarlarda baş verən mürəkkəb proseslər, neftin qiymətində volatillik, pandemiyanın ölkə iqtisadiyyatı üçün yaratdığı çətinliklər, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınması istiqamətində aparılan müharibəyə baxmayaraq 2020-ci il ölkəmiz üçün bütövlükdə uğurlu il olub, makroiqtisadi sabitlik qorunub və iqtisadi azalma minimal olub.
Baş bankir Prezident İlham Əliyevin ölkədə yeni nəsil islahatlara start verdiyini, növbəti 10 il üçün milli prioritetlərin müəyyən edildiyini qeyd edib. O, bildirib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasına və Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinə yönəlib. Ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə DB ilə əməkdaşlıq daima mühüm rol oynayıb və DB strateji tərəfdaş kimi bu islahatlarda da Azərbaycana dəstək göstərəcək.
S.Molineus öz növbəsində DB-nin Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib, bildirib ki, 2020-ci il həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşıb. Müharibədən sonra Azərbaycanın elan etdiyi regional əməkdaşlıq təşəbbüsləri ölkə iqtisadiyyatının inkişaf potensialını daha da genişləndirir.
DB rəsmisi ölkədə təmsil etdiyi qurumun dəstəyi ilə həyata keçirilən layihələrin statusu barədə məlumat verərək Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara tam dəstək veriləcəyini ifadə edib. O, bildirib ki, ölkənin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması olduqca mühüm addımdır, ölkə prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Sözügedən strategiyanın hazırlanmasında və islahatların həyata keçirilməsində DB bütün lazımi dəstəyi göstərməyə hazırdır.
Görüşdə AMB və DB arasında mövcud əməkdaşlıq istiqamətləri, hazırda DB-nin dəstəyi ilə maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.