Sığorta bazarının ən böyük pay sahibi illik vəziyyətini açıqladı: xərcləri 35,3% artıb
Sığorta yığımları üzrə bazarın yarısından çoxunu tutan “PAŞA Sığorta” ASC-nin 2020-ci ildə xalis mənfəəti 20 milyon 634,926 min manat təşkil edib. 2019-cu ilin yekunları üzrə “PAŞA Sığorta” ASC-nin xalis mənfəəti 31 milyon 78,868 min manat təşkil edib. Beləliklə, 2020-ci ildə şirkət xalis mənfəətini 33,6% azaldıb.
Şirkətin audit rəyi ilə təsdiq olunmuş maliyyə hesabatına əsasən, ötən il “PAŞA Sığorta”nın vergi ödənilənədək mənfəəti 29 milyon 198,882 min manat təşkil edib. 2020-ci ildə şirkət 8 milyon 563,956 min manat məbləğində mənfəət vergisi ödəyib.
Şirkətin gəlirləri 177 milyon 253,456 min manat, sığorta haqları 154 milyon 654,339 min manat olub. Bu isə 2019-cu illə müqayisədə 6,3% artım deməkdir. Təkrar sığorta üçün sığorta haqları 84,2% artaraq 8 milyon 474,144 min manat təşkil edib.
2020-ci ildə şirkətin cəmi xərcləri 148 milyon 54,574 min manat təşkil edib. Bunun 71 milyon 452,031 min manatı sığorta ödənişlərinin payına düşüb ki, bu da 2019-cu illə müqayisədə 35,3% artım deməkdir. Sığorta işinin aparılması xərcləri 32 milyon 288,05 min manat, təkrar sığortaya verilən risklərin həcmi 41 milyon 823,361 min manat təşkil edib.
Sığorta şirkətinin aktivləri 11,1% artaraq 223 milyon 558,122 min manat, öhdəlikləri 25,9% artaraq 146 milyon 903,243 min manat olub. Şirkətin kapitalı 9,4% azalaraq 76 milyon 654,879 min manat olub.
2020-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 1,7% azalaraq, 30 milyon 820,37 min manata enib.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir.