Sosial iqtisadiyyat

Bakı və Abşeronda yeni Dost Mərkəzləri açılacaq

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) yeni beyin mərkəzlərinin açılışı planlaşdırılır”.

“ENA” xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “Sosial saat”da çıxışı zamanı deyib.

O xatırladıb ki, hazırda Bakıda 3 Dost Mərkəzi fəaliyyət göstərir: “1 saylı Dost Mərkəzi Yasamal, Səbail və Qaradağ rayonlarını əhatə edir. Həmin mərkəz vasitəsilə əlavə olaraq Şuşa və Zəngilan rayonlarında qeydiyyatda olanlara da xidmət göstərilir. 2 saylı Dost Mərkəzi Xəzər və Pirallahı rayonlarının, 3 saylı Dost Mərkəzi isə Nizami, Sabunçu və Suraxanı rayonlarının sakinlərinin ixtiyarındadır. Ümumilikdə isə hazırda mövcud Dost Mərkəzləri 8 rayonu əhatə edir. Bu mərkəzlər vasitəsilə 1 milyondan çox vətəndaşa xidmət göstərilir”.

Sədr qeyd edib ki, yaxın həftələrdə paytaxtda 4 saylı Bakı Dost Mərkəzinin açılışı olacaq: “Binəqədi və Nərimanov rayonlarının 500 minə yaxın sakini yeni mərkəzin xidmətindən yararlana biləcəklər. 220 minə yaxın vətəndaş sosial müdafiə sisteminə cəlb olunanlardır. Yaxın 1 ay ərzində isə Xırdalanda yerləşən Abşeron rayonu üzrə Dost Mərkəzinin açılışı da nəzərdə tutulub. Burada Abşeron qeydiyyatında olan vətəndaşlara xidmət göstəriləcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department