Bank

Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri 43% azaldı: vəsaitlər nəyə yatırılıb?

Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci ildə valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri 93,65 milyon dollar təşkil edib. Halbu ki, 2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri 163,9 milyon dollar təşkil etmişdi. Beləliklə, AMB 2020-ci ildə ehtiyatların idarə olunmasından gəlirlərini 42,9% azaldıb.

Azərbaycan Mərkəzi Bankının hesabatına görə, azalmaya səbəb 2020-ci il ərzində valyuta ehtiyatları pandemiyadan irəli gələn və beynəlxalq səviyyədə irimiqyaslı monetar və fiskal stimullaşdırma ilə müşayiət olunan qlobal iqtisadi şok şəraitində idarə edilməsidir. Valyuta ehtiyatlarının idarə edilməsi siyasətinin əsas prioriteti vəsaitlərin təhlükəsiz və likvid şəkildə qorunub saxlanması olub.

Mərkəzi Bank valyuta ehtiyatlarını əməliyyat və yığım aləti olan 14 investisiya tranşlarına bölüb, hər bir tranş təyinatına uyğun idarə edilib. Əməliyyat tranşı xarici iqtisadi fəaliyyətin dominant valyutası olan ABŞ dollarında saxlanılıb. İnvestisiya gəliri əldə etmək məqsədilə investisiya tranşının 90%-i ABŞ dolları, 7%-i avro və 3%-i İngiltərə funt sterlinqində saxlanılıb. Nəticədə, hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 90%-ni ABŞ dolları, 5%-ni avro, 2%-ni İngiltərə funt sterlinqi və 3%-ni isə SDR (BVF-in xüsusi borclanma hüquqları) təşkil edib. İdarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Mərkəzi Bankın valyuta ehtiyatları xarici ölkələrin likvid və yüksək keyfiyyətli dövlət, kvazi-dövlət və korporativ borc öhdəliklərinə investisiya edilib.

İnvestisiya portfeli maliyyə alətləri və ölkələr üzrə geniş diversifikasiya olunub, qlobal makroiqtisadi mühitin, eləcə də xarici maliyyə bazarlarının təhlili xüsusi diqqət mərkəzində saxlanılıb. Daxili idarəetmə ilə yanaşı, Mərkəzi Bank 2020-ci ildə valyuta ehtiyatlarının idarə edilməsində xarici menecerlərlə əməkdaşlığı davam etdirib. 2020-ci il ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 112 mln. ABŞ dolları və ya 1.8% artaraq dövrün sonuna 6.4 mlrd. ABŞ dolları təşkil edib. 2020-ci ildə valyuta aktivlərinin idarə edilməsindən 93,65 mln. ABŞ dolları gəlir əldə olunub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)