Banklar 132 milyon manat "kapital inyeksiyası" ediblər
2020-ci ildə bankların restrukturizasiyası prosesi “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq davam etmişdir.
ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının illik hesabatına görə, sektorun kapital adekvatlığı minimum requlyativ tələbi 2 dəfədən çox üstələyir. Hesabat ilində kapital mövqeyi neqativ zonada olan və bərpa potensialı olmayan 4 bankın (“AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC) lisenziyası Mərkəzi Bank tərəfindən geri çağırılmış və məhkəmənin qərarı ilə banklar müflis elan edilmişdir. 1 iyun 2020-ci il tarixindən etibarən bağlanmış bankların qorunan əmanətçilərinə agent bank olaraq seçilmiş “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiyaların ödənməsi davam etdirilir.
Fondun məlumatına görə 31.12.2020-ci il tarixinə 2020-ci ildə lisenziyası geri çağırılmış 4 bank üzrə ödənmiş kompensasiya məbləği 24.2 min əmanətçi üzrə 616.1 mln. manat təşkil etmişdir. Bununla yanaşı, hesabat dövründə sektor üzrə bankların aktivlərinin keyfiyyətinin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmənin nəticələri bank menecmenti ilə geniş müzakirə olunmuş, müvafiq tapşırıqlar verilmişdir. Hesabat ilində kreditləşmə prosesinin dəstəklənməsi məqsədilə bank sektorunun sağlamlaşdırılması və kapitallaşdırılması tədbirləri davam etdirilmişdir. Ümumilikdə, 2020-ci ildə banklar tərəfindən ümumilikdə 131.7 mln. manat məbləğində səhmdar kapitalı artırılmışdır