Sənaye

Nazirlik: Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib

Azərbaycan “OPEC plus” ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib. Azərbaycan bu dəfə də pandemiyadan irəli gələn qeyri-müəyyənliklər şəraitində neft bazarında müsbət dinamikanın qorunub saxlanması məqsədilə “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft istehsalçılarının konsensus əsasında fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.

Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarının nisbətən balanslaşdığını, lakin hələ də risklərin aradan qalxmadığını vurğulayaraq bildirib ki, tənzimləmə prosesinə ehtiyatlı yanaşma öz aktuallığını saxlayır: “Hazırkı qiymət artımını neftə təlabat göstəricilərindən çox movcud qlobal konyuktura şərtləndirir. Neftin bahalaşması tələbatla əlaqəli olduqda, fundamental faktorlara əsaslandıqda dayanıqlı olur. Bu aspektdə bazardakı real vəziyyətə uyğun optimal addım hasilata korreksiyaları bir qədər təxirə salmaqdır”.

Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC plus” ölkələrinin  gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barrel təşkil edəcək.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə “OPEC plus” ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel azaldılmasına qərar verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department