Statuslar

"Bazara ikinci bir oyunçunun daxil olması, hələ inhisarçılıqdan yaxa qurtarılması demək deyil"

Azad Rəhimovun səhhətində problem olmayan vaxtlarda futbol qumarında TOPAZ bazara kimsəni buraxmadan inhisarçı mövqeyini qoruyub saxlayırdı. Bu gün eşidirəm ki, qumar bazarına yeni oyunçu daxil olur.

Daha dəqiq “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idarəetməsinə verilməsindən sonra bu ASC yeni məhsullar təqdim edərək, bazara yeni oyunçu kimi daxil olacaq. Görünür son günlər Azad Rəhimovun səhhətində yaranan problem səbəbindən bir inhisarçılığa son qoymaq üçün fürsət yaranıb. Bu xəbəri eşitməmişdən əvvəl də Azad müəllimə Allahdan şəfa diləmişdim. İndi isə beş qat şəfa diləyirəm.

Çünki, onsuz da TOPAZ son günlər tənəzzüldə idi, insanların evlərini futbol qumarına qoyub ailələrin bədbəxt olmasını son vaxtlar eşitmirdik. Amma indi bu sahədə bazara yeni oyunçunun daxil olması qumar oyunlarını daha da aktiv fazaya gətirəcək. Vətəndaş olaraq heç vaxt bunu alqışlamamışam. Amma iqtisadçı olaraq, bu sahənin iqtisadiyyata verə biləcəyi faydaları da gözəl anlayıram.

Eyni zamanda da bu istiqamətdə də qeyd etmək istədiyim 2 məqam var. Birincisi, Azərbaycanda idarə edilməsi ən rahat olan və dotasiyasız fəaliyyət göstərən şirkətləri siyahıya alsaq Azərlotereya ilk yerlərdə gələrdi. Belə bir unikal sahənin türkələrə deyil, yerli peşəkar iş adamlarına verilsəydi, ölkə iqtisadiyyatı daha böyük fayda görərdi. İkinci bir məsələ isə, bazara ikinci bir oyunçunun daxil olması, hələ inhisarçılıqdan yaxa qurtarılması demək deyil.

Nədənsə, bəzi KİV-lərdə müəyyən şəxslər tərəfindən bu inhisarçılığın aradan qaldırılması kimi təqdim edilir. Əslində isə həm beynəlxalq təcrübədə, həm də yerli qanunvericiliyimizə görə bir sahənin inhisardan xilas edilməsi üçün o sahənin ən azı 3 oyunçusu olmalıdır. Adətən, bazarın 3 oyunçu ilə təmin edilməsi üçün, belə hallarda ya üçüncü oyunçu yaradılır, ya da bunlardan biri iki yerə parçalanıb fərqli-fərqli 2 təsərrüfat subyektinə satılır.

Beləcə, bazarda heç bir oyunçu 35%-dən artıq paya sahib olmur. Amma indiki məqam üçün ən qorxulusu odur ki, bazara ikinci oyunçu kimi daxil olan Türk şirkəti hazırkı fürsətdən istifadə edib TOPAZı da öz nəzarətinə keçirə bilər. Odur ki hökümət buna icazə verməməli, əksinə bazarı 3-cü oyunçu ilə təmin etmək üçün yuxarıda qeyd etdiyim üsullardan birini tətbiq etməlidir.

Eldəniz Əmirov
iqtisadçı

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department