Sosial iqtisadiyyat

Ukraynadan gətirilən soğanın istehlaka yararsız olduğu aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

"ENA" xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ukrayna Respublikasında “ALİKEND” özəl müəssisəsi tərəfindən istehsal olunan və "İMPORT TRADE AZ" MMC tərəfindən ölkəmizə idxal edilən 20.51 ton soğan məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində nitratın kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)