Həyat tərzi

Bizi daha xoşbəxt edən nədir: zaman, yoxsa pul?

Həyatın klassik dilemmalarından biri: bizi daha xoşbəxt edən nədir – zaman, yoxsa pul?

Ashley Willans’ın araşdırması qətiyyətlə zaman deyir. Ashley – biheviorist və Harvard Business School-un professorudur. O, zamanın, pulun və xoşbəxtliyin bir-birinə necə təsir göstərməsi ilə maraqlanır. Professor bu haqda Time Smart kitabında yazıb.

Kitabda deyilir ki, insanlar zamanı deyil, pulu artırmağa daha çox həvəslidirlər. Və bunun üç səbəbi var:

1. Pul – geniş mənada cəmiyyətimizdə ən zəruri ehtiyaclardan biridir.

2. Pul və müvəffəqiyyətin eyni məna kəsb etməsi fikri mövcuddur.

3. Psixoloji baxımdan pula nəzarət etmək daha asandır və pul olduqda, həyatdan məmnun olmaq ehtimalı daha yüksəkdir. Məsələn, bank hesabınızda əlavə $500 olmasını, yoxsa şənbə günü əlavə üç saat vaxtınızın olmasını seçərdiniz? Bizcə, hər kəs bu sualın cavabını bilir.

Bu səbəbdən çox vaxt pulumuzu deyil, vaxtımızı qurban verməyə hazırıq. Lakin bu da baha başa gəlir və Ashley pula dəyər verdiyimiz qədər, zamana da dəyər verməyin vacib olduğunu iddia edir. Onun araşdırmasına görə, zamanın onlar üçün daha vacib olduğunu söyləyən insanlar da yalnız sosial münasibətlərindən məmnun olduqda özlərini xoşbəxt hiss edirlər. Bundan əlavə, zamanı puldan daha yüksək qiymətləndirən insanlar daha məhsuldar və yaradıcı olurlar, çünki yeni münasibətlər qurmağa və özlərini bərpa etməyə vaxt sərf edirlər. Bunlar vaxtı birinci yerə qoymağın müsbət nəticələridir.

Time Smart zamanı puldan üstün tutmağımız üçün bir neçə effektiv strategiya təklif edir. Qeyd edək ki, onların çoxu tamamilə pulsuzdur. Ümumilikdə, mövcud olan bütün strategiyalar iki kateqoriyaya bölünür: vaxta qənaət edənlər və vaxtı geri qaytarmağa imkan verənlər.

Vaxtınıza qənaət etmək üçün düşdüyünüz tələlərlə mübarizə aparmaq lazımdır. Məsələn, telefonunuza gələn bildirişlərdən danışaq. Bu texnoloji tələ dəyərli vaxtımızı kiçik fraqmentlərə parçalayır. Ashley onları “zaman konfetisi” adlandırır.

Eyni zamanda, bu tələlər təcililik effektindən də yarana bilir – təcili, lakın vacib olmayan bir şeyə üstünlük verməyə məcbur edən fenomen. Məsələn, ailənizə vaxt ayırmağı deyil, daima elektron poçtu yoxlamağı seçmək.

Vaxtınıza qənaət etmək üçün aşağıdakı vasitələri tətbiq edin:

– Ən vacib, lakin təcili olmayan işlə nə zaman məşğul olacağınızı əvvəlcədən planlaşdırın. Yaxşı olar ki, hər belə işə ən azı 2 saat vaxt ayırasınız. Diqqətinizi cəmləşdirmək üçün “bloklar”dan istifadə edin.

– Kiçik, gündəlik qərarlara konsentrasiya olun. Daha dərrakəli olmaq – zamana qənaət etməyə imkan verən yanaşmalardan biridir. Hər dəfə işdən tez çıxmaq, ev və iş arasında sərhəd qurmaq və ya növbəti həftə sonunu tətil etmək kimi qərarlar verdikdə, prioritetlərimizi zaman və pul arasında bölməklə məşğuluq. Gündəlik qərarlarınızı nəzərdən keçirin, ailənizlə və ya dostlarınızla vaxt keçirərkən elektron poçtunuzu yoxlamaqdan imtina edin.

“Zaman alma” taktikası zaman və xoşbəxtliklə əlaqələndirdiyimiz dəyəri yenidən müəyyənləşdirir. Belə ki, pul – hamımızın başa düşdüyü göstəricidir. Ashley “xoşbəxtlik dolları” konsepsiyasını təklif edir. O, zamana üstünlük verdikdə, ortaya çıxan sevinc duyğusunun dəyərini təyin etməyə imkan verir. Ashley bu göstəriciləri insanların müxtəlif fəaliyyətlərlə əlaqəli xoşbəxtlik səviyyələrini ölçən anketlərdən istifadə edərək hesabladı.

Məsələn:

– Vaxtı puldan yüksək qiymətləndirən insanlar hər il $4 400 daha çox qazanan insanlar qədər xoşbəxtdirlər.

– Ən zəhlətökən tapşırığın autsorsinqi illik $10 000 gəlir artımına bərabərdir.

– Həmişəkindən daha çox ünsiyyət qurmaq da xoşbəxtlik səviyyəsini artırır və illik $20-30 min gəlirdən aldığımız məmnuniyyətə bərabər olur.

Vaxtınıza qənaət etmək üçün özünüzü pul xərcləməyə necə təşviq edə  bilərsiniz? Məsələn, virtual köməkçidən istifadə etməklə. İşinizin bir hissəsini digər insanlara həvalə etməklə, ailənizə daha çox vaxt sərf edə biləcəksiniz.

Digər hallarda olduğu kimi, zamanın pul üzərindəki üstün olması – düşünülmüş seçimdir. Ashley vaxta yönümlü olmağın bizi daha xoşbəxt etdiyini və həyat səviyyəsini yüksəltdiyini qeyd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)