Azərbaycanın vergi sistemi təkmilləşdiriləcək
Postpandemiya dövründə vergi siyasətinin yeni çağırışlara uyğunlaşması üçün orta və uzun dövrlərdə vergi sisteminin qanunvericilik və inzibatçılıq baxımından təkmilləşdirilməsi həyata keçiriləcək.
Bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli deyib.
Onun sözlərinə görə, əsas məqamlardan biri vergi qanunvericiliyinin investisiya yönümlüyünün təmin edilməsidir: “Vergi siyasəti daha çox istehsalın yaradılmasına, vergi təşviqlərinin verilməsinə, məşğulluğun təmin edilməsinə, yeni kapitalın yaradılmasına, investisiya alətlərində verginin optimallaşmasına yönələcək”.
Dövlət Xidmətinin rəsmisi əlavə edib ki, bununla yanaşı, uçotsuz fəaliyyətin məhdudlaşması, qanunsuz aksizli mal istehsalçıları ilə mübarizə davam etdiriləcək.
“Vergi qanunvericiliyində xarici ölkələrin uğurlu təcrübələrinin tətbiqi prosesi, həmçinin uçot siyasətində şəffaflığın təminatı diqqət mərkəzində saxlanılacaq”, – deyə O. Nəzərli bildirib.