Sosial iqtisadiyyat

Nazirlik: Bəzi sayğaclar sərfiyyatı normaya uyğun hesablamayıb

Son zamanlar sosial şəbəkələrdə smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsindən sonra qaz sərfiyyatının artması ilə bağlı məlumatlar yayılır.

Bu barədə “ENA”ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bunu nəzərə alaraq, bu il ilin 25-27 yanvar tarixlərində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutunun nümayəndələrinin iştirakı ilə şikayətçilərə məxsus olan istismar müddəti bitmiş 27 ədəd qaz sayğacı laboratoriya şəraitində yoxlanılıb.

Yoxlamada iştirak etmək istəyən abonentlərin iştirakı təmin olunub. Sayğaclar ən çox şikayət olunan ərazilərdən - Xəzər, Sabunçu və Binəqədi rayonlarından seçmə üsulu ilə götürülüb. Yoxlamaların nəticələri hər bir qaz sayğacı üçün müvafiq sənədlərdə əks etdirilib. Araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin hesabına yeniləri ilə əvəz edilib.

Sayğacları əvəzləşdirilmiş abonentlərin yeni sayğaclarından qazın sərfiyyat göstəriciləri çıxarılıb və 24 saat ərzində xronometraj olunub. Xronometrajın nəticələri yoxlamada iştirak etmiş abonentlərə izah olunub və onlar aparılmış araşdırmalardan razı qaldıqlarını bildiriblər. Eyni zamanda adıçəkilən ərazilərə verilən qazın keyfiyyət göstəriciləri də yoxlanılıb.

Bu sahədə nəzarət tədbirlərinin davam etdirilməsi və mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department