İlon Mask meymunun beyninə çip qoydurdu
İlon Mask tərəfindən maliyyələşdirilən “Neuralink” startapı meymunun beyninə düşüncə gücü ilə video oyun oynamağa imkan verən çip yerləşdirib.
ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mask onu “xoşbəxt meymun” adlandırıb.
“Bizdə beyinə çip implantasiya olunmuş bir meymun var. O, düşüncə gücü ilə video oyun oynaya bilər”, – Mask qeyd edib. Milyarderin sözlərinə görə, meymun “xoşbəxtdir” və “Neuralink”in qurduğu şəraitdə yaşayır. “Onların bir-birləri ilə intellektual stolüstü tennis oynamalarını istəyirik”.
Mask meymuna yerləşdirilən çipin demək olar ki, görünməz olduğunu söyləyib. Onun fikrincə, cihaz fitness bilərziyə bənzəyir. Daha əvvəl sahibkar “Neuralink”in istehsal etdiyi çiplərin çox kiçik olduğunu bildirmişdir. “Bəlkə məndə də o çipdən var”, – deyə milyarder zarafat edib.
“Beyin-kompüter” interfeysi üzərində işləyən “Neuralink” startapı 2016-cı ildə qurulub. İndiyədək şirkət 158 milyon dollar sərmayə cəlb edib, bunun 100 milyon dolları Mask tərəfindən təqdim olunub. Texnologiyanın əsas məqsədi beyin və onurğa beyni travma nəticələrini aradan qaldırmaq və itirilmiş qabiliyyətləri implant edilmiş çipin köməyi ilə bərpa etməkdir.