Bank

Bankın əməliyyatlarının həcmi 42 milyona yaxın azalıb - TƏHLİL

Azərbaycanda daha bir holdinq bankı - “Premium Bank” ASC maliyyə göstəricilərini açıqladı. Məlumdur ki, “Azərbaycan Hava Yolları”QSC-nin əmək haqqı hesabları, eləcə də Buta və Silkvey, İDEAL brendlərinə məxsus hesablar da bu bank tərəfindən idarə edilir.

Bankın maliyyə hesabatından görünür ki, bankın əməliyyatlarda istifadə etdiyi pul vəsaitlərinin həcmi 41 milyon 809 min manat azalıb. Bu isə biznesin nə qədər durğunluq keçirdiyinin göstəricilərindən biridir.

 

Aktivlər nəyin hesabına artıb?

2020-ci il üzrə hesabata əsasən, “Premium Bank”ın aktivləri 1,7% artaraq 653 milyon 299 min manat olub. Aktivlərin tərkibində kredit portfelinin həcmi 570,103 milyon manat təşkil edib, yəni 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 0,4% artıb. Kreditlərin tərkibinə baxsaq, artım daşınmaz əmlak kreditlərinin hesabına olub.

Bankın biznes kreditlərinin həcmi 539 milyon 499 min manatdır. Bunun 377 milyon 89 min manatı təminatsız kreditlərdir. 152 milyon 60 min manatı isə daşınmaz əmlak təminatına malikdir. Ümumilikdə isə bankın biznes kreditlərinin həcmi 2019-cu ildə 553 909 manat idi və görünür ki, ötən bir ildə 14 milyon 410 min manat azalıb.  

Bankın nağd vəsait problemi yoxdur, dövrün əvvəlinə pul vəsaitləri 67 milyon 27 min manat olub, dövrün sonuna 74 milyon 561 min manata yüksəlib.  

 

Müştəri hesabları əriyib

Hesabat dövrünün sonuna “Premium Bank”ın öhdəlikləri 472,793 milyon manata düşüb, yəni bir il ərzində 8,1% azalma baş verib. Azalma daha çox müştəri hesabları portfelində qeydə alınıb.

Göstəricilərə əsasən, 2020-ci ilin sonuna bankda depozitlər 8,4% azalaraq 431 milyon 118 min manata enib. Ən çox azalma fiziki şəxslərin əmanətlərində qeydə alınıb. Belə ki, bu kateqoriya təxminən 50 milyon manatadək, və ya 13,6% kiçilərək 319 milyon 523 min manat təşkil edib.

Pul hərəkətndən görünür ki, 2020-ci ildə müştərilərdən qəbul olunan depozitlərin həcmində 39 milyon 948 min manat azalma var. Halbuki, 2019-cu ildə 4 milyon 665 min manat artım qeydə alınmışdı.

 

Kapitalından gəlirləri yüksəkdir

2020-ci il dekabrın 31-nə bankın nizamnamə kapitalı 50 milyon manat artıb və 154,601 milyon manat təşkil edib. İlin sonuna məcmu kapital 173 milyon 917 min manat olub və adekvatlıq əmsalı 27.45%-dir. Bu isə bankın kapitalından yaxşı istifadə etdiyini göstərir. Bankın kapitalı 41,1% artaraq 180 milyon 506 min manata yüksəlib. Kapitalda bölüşdürülməmiş mənfəət həcmi bu ilin gəlirlərini də əlavə etməklə 12 milyon 984 min manat təşkil edib.

 

Mənfəəti 2 dəfə azaldı

2020-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 55,3% azalaraq 3 milyon 964 min manat təşkil edib. Bankın gəlirləri 48 milyon 832 min manat, xərcləri 46 milyon 246 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2 milyon 828 min manat, mənfəət vergisi ödəmələri isə 1,45 milyon manat təşkil edib.

Qeyd edək ki, “Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)